Çin Xalq Respublikasından gəlmiş qonaqlar AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar. Heyətdə Pekin Xarici Dillər Universitetinin professoru Mu Hongyan, Çin Musiqi Akademiyasının sabiq rektoru, “Çin musiqisi” jurnalının baş redaktoru professor Zhao Talimu, akademiyanın dosenti, zurna ifaçısı Zhang Qianyuan və akademiyanın doktorantı Zhang Wanbo yer alıb.

Əlyazmaların elmi ekspozisiyası və təqdimi şöbəsinin müdiri dosent Nigar Babaxanova qonaqlara institutun tarixi, nəşrləri, burada mühafizə olunan əlyazmalar və yerinə yetirilən tədqiqat işləri barədə ətraflı məlumat verib.

Heyət ekspozisiya zalını gəzib, milli musiqişünaslıq elmini əks etdirən sərgi ilə tanış olub.

Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin baş elmi işçisi dosent Zəkiyyə Əbilova və Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin böyük elmi işçisi Yeganə Rəhnulla institutun fondunda mühafizə olunan musiqi ilə bağlı materiallardan bəhs ediblər.

Mir Möhsün Nəvvab Qarabağinin “Musiqi elmində rəqəmlərin izahı” və “Təsvirli musiqi tarixi” adlı əlyazmaları qonaqların böyük marağına səbəb olub. Onlara Əlyazmalar İnstitutunun nəşri olan “Azərbaycan multidissiplinar əlyazması: Xəzinədən incilər” və “Azərbaycan muğamı miniatürlərdə” kitabları hədiyyə olunub.

Çinli qonaqlar təəssüratlarını institutun xatirə kitabına qeyd ediblər: “Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutu bəşər sivilizasiyasının qorunması işinə önəmli töhfələr vermişdir. İnstitutun bütün heyətinin peşəkarlığı bizdə çox dərin təəssürat yaratmışdır. Tədqiqat institutunun təqdim etdiyi materiallar sayəsində biz İpək Yolu sivilizasiyasının müasir dövrdə sülhə və ümumi tərəqqiyə verdiyi praktiki əhəmiyyətini daha dərindən dərk etdik.”

Sonda xatirə şəkli çəkdirilib.