Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası və Azərbaycan Milli Konservatoriyasının (AMK) birgə həyata keçirdiyi “Nəsillərin dialoqu” layihəsi çərçivəsində konsertlər davam edir. 

Filarmoniyanın Kamera və Orqan Musiqisi Zalında növbəti konsert fevralın 14-də keçirilib.

AMK-nın rektoru professor Kamilə Dadaş-zadə çıxış edərək layihənin əhəmiyyətindən bəhs edib və bu cür təşəbbüslərin gənc ifaçıların formalaşmasında mühüm rol oynadığını vurğulayıb. Bildirib ki, belə layihələr gənclərin yaradıcılıq potensialının üzə çıxarılmasına, səhnə təcrübəsinin artırılmasına və peşəkar inkişafına geniş imkanlar yaradır.

Sonra Milli Konservatoriyanın müəllimləri, Xalq artistləri Mənsum İbrahimov və Elçin Həşimov, Əməkdar artistlər Təyyar Bayramov və Elnur Əhmədov, həmçinin konservatoriyanın məzun və tələbələrinin iştirakı ilə konsert proqramı təqdim edilib.

Yüksək peşəkarlıq, nəsillərarası yaradıcılıq dialoqu və milli musiqiyə müasir yanaşma ruhunda keçən proqramı dinləyicilərin alqışları ilə yekunlaşıb.