Fevralın 10-da Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərində çalışan müəllimlərin attestasiyasının növbəti mərhələsi başlanır.
Bu məqsədlə fevralın 5-də xalq çalğı alətləri, xanəndəlik və xor ixtisasları, fevralın 6-da isə fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə müəllimlərdən ibarət komissiya üzvlərinin iştirakı ilə Bakı Xoreoqrafiya Akademiyasında görüşlər keçirilib.
Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) direktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vüqar Hümbətov çıxış edərək attestasiya prosesi haqqında ümumi məlumat verib. Qeyd olunub ki, ötən il 5 region üzrə attestasiya prosesi həyata keçirilib. Bu il isə digər regionlar və Naxçıvan Muxtar Respublikası üzrə ümumilikdə 8 min müəllimin attestasiya olunması nəzərdə tutulur.
Bildirilib ki, MEMİM tərəfindən attestasiya üzrə müvafiq proqram hazırlanaraq müəllimlərə təqdim olunub və proses yalnız bu proqram əsasında, qanunvericiliyin tələblərinə uyğun təşkil ediləcək.
MEMİM-in direktor müavini Yaşar Zeynalov attestasiyanın şəffaf və obyektiv şəraitdə təşkili üçün hər cür şərait yaradıldığını, prosesə ciddi nəzarət mexanizmlərinin hazırlandığını bildirib. O, attestasiyada iştirak, prosesdən azadolma və qiymətləndirmə meyarları ilə bağlı məqamları da diqqətə çatdırıb.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin əməkdaşı hüquqşünas Fəxriyyə Zeynallı attestasiyanın hüquqi aspektləri, sənədləşdirmə zamanı diqqət yetirilməli nüanslardan söz açıb.
Görüşlərin sonunda komissiya üzvlərinin sualları cavablandırılıb, müvafiq tövsiyələr verilib.
Qeyd edək ki, müəllimlərin attestasiya prosesinə hazırlığına dəstək məqsədilə Bakıda və bölgələrdə ixtisaslı kadrların, ekspertlərin iştirakı ilə görüşlər təşkil olunub. Görüşlərdə attestasiyanın proqramı üzrə mövzular, iştirak prosesi və digər məsələlərə aydınlıq gətirilib.



















