AMEA-nın Rəyasət Heyətində dahi özbək şairi Əlişir Nəvainin anadan olmasının 585 illiyinə həsr edilən “Yaşayan Əlişir Nəvai” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Bu barədə AMEA-dan məlumat verilib.

Tədbirdən əvvəl Əlişir Nəvainin Bakıdakı abidəsi ziyarət edilib, görkəmli söz ustadının abidəsi önünə gül dəstələri qoyulub.

Sonra tədbir iştirakçıları AMEA Rəyasət Heyətinin binası, eləcə də 100 il öncə Türk dünyasını ilk dəfə birləşdirən Birinci Türkoloji Qurultayın keçirildiyi Rəyasət Heyətinin böyük akt zalı ilə tanış olublar.

Konfransı AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq Əlişir Nəvainin özbək ədəbiyyatının dünya mədəniyyətinə bəxş etdiyi qüdrətli simalardan biri olduğunu vurğulayıb, onun ümumtürk ədəbiyyatında söz sənətinin zirvəsində dayanan korifeylər sırasında şərəfli yer tutduğunu qeyd edib.

AMEA prezidenti vurğulayıb ki, Əlişir Nəvai irsinə dair əlyazmaların saxlanıldığı ən böyük mərkəz Daşkənddən sonra Azərbaycandır. O, AMEA-nın Əlyazmalar İnstitutunda dahi şairin onlarla qiymətli əlyazmasının qorunduğunu söyləyib. Bildirib ki, onların sırasında Əlişir Nəvainin sağlığında köçürülmüş nüsxələri və özbək ustadların qeydləri ilə zəngin əlyazmalar xüsusi əhəmiyyət daşıyır. Bu fakt Azərbaycanın Əlişir Nəvai irsinin qorunması və yaşadılması baxımından mühüm elmi-mədəni məkan olduğunu bir daha təsdiqləyir.

Qeyd edilib ki, XX əsrin əvvəllərindən bu günədək ölkəmizdə Əlişir Nəvai haqqında nəşr edilmiş və tərcümə olunmuş yüzlərlə kitab və məqalə, eləcə də onun əsərlərindən ibarət zəngin bir elmi kitabxana formalaşıb.

Akademik İsa Həbibbəyli Azərbaycan xalqının və bütövlükdə Türk dünyasının Əlişir Nəvai yaradıcılığına dərin hörmət bəslədiyini söyləyərək bildirib ki, Özbəkistanda Nizami Gəncəvi və Məhəmməd Füzuli irsinə göstərilən yüksək ehtiram Azərbaycanda Əlişir Nəvai yaradıcılığına bəslənilən sevgi və hörmətlə eyni səviyyədədir. Əlişir Nəvai ortaq mədəni yaddaşımızın, ortaq mənəvi gücümüzün rəmzidir.

Dahi şairin ən böyük xidmətlərindən birinin türk dilində qələmə aldığı “Xəmsə”si olduğunu diqqətə çatdıran AMEA prezidenti əlavə edib ki, Nizami Gəncəvi, Əmir Xosrov Dəhləvi və Əbdürrəhman Cami də “Xəmsə” müəllifləri olsalar da, bu möhtəşəm ədəbi nümunəni ilk dəfə türk dilində yaradan Əlişir Nəvai olub. Bu fakt onun Türk dünyasına verdiyi tarixi və mədəni töhfənin miqyasını aydın şəkildə göstərir. O, Nəvainin “Xəmsə”sinin bir neçə il əvvəl professor Ramiz Əskər tərəfindən Azərbaycan dilinə tərcümə edildiyini diqqətə çatdırıb.

Akademik İsa Həbibbəyli vurğulayıb ki, Əlişir Nəvainin əsərlərində Türk dünyası xalqlarının ədəbiyyatı, mənəvi dəyərləri və insan dünyası geniş və dərin şəkildə öz əksini tapır. Təsadüfi deyil ki, Türk Dövlətləri Təşkilatının təsis etdiyi ən ali mükafatlardan biri Əlişir Nəvainin adını daşıyır.

AMEA rəhbəri Nizami Gəncəvi yaradıcılığına ən yüksək dəyəri verən böyük sənətkarlardan birinin Əlişir Nəvai olduğunu xatırladıb: “Əlişir Nəvainin fikrincə, Nizami Gəncəvi elə bir sənət zirvəsidir ki, onunla “pəncə-pəncəyə” gəlmək heç kəsin hünəri deyil. Eyni qarşılıqlı hörmət və məhəbbət ənənəsini Məhəmməd Füzuli də Əlişir Nəvainin timsalında özbək xalqına göstərib”.

Akademik İsa Həbibbəyli çıxışının sonunda qeyd edib ki, Əlişir Nəvainin yubileyinin Birinci Türkoloji Qurultayın 100 illiyi ərəfəsində keçirilməsi xüsusi rəmzi məna daşıyır və bu kimi elmi tədbirlər Türk dünyasının mədəni və elmi birliyinin daha da möhkəmlənməsinə töhfədir.

Sonra Özbəkistan Respublikasının Azərbaycandakı səfiri Bahrom Aşrafxanov çıxış edərək iki ölkənin tarixi köklərinin, mədəniyyətinin, dilinin, ədəbiyyatının bir-birinə yaxın olduğunu bildirib. Nəvai irsinə xüsusi diqqət və qayğı göstərildiyini deyən Bahrom Aşrafxanov ölkə rəhbərliyinin dəstəyi ilə qüdrətli söz ustadının yaradıcılığının öyrənilməsi və təbliği üzrə səylərin davam etdirildiyini vurğulayıb. O, Azərbaycanın Əlişir Nəvainin ikinci Vətəni kimi qəbul edildiyini söyləyib, Bakı şəhərində Nəvainin heykəlinin ucaldılmasını qardaş ölkənin özbək şairinin xatirəsinə ehtiramının ifadəsi olduğunu qeyd edib.

Səfir Azərbaycanda Əlişir Nəvai ilə bağlı aparılan tədqiqatları yüksək qiymətləndirib, beynəlxalq konfransın türkoloji elmin inkişafına, iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsinə, eləcə də Azərbaycan-Özbəkistan elmi-ədəbi əlaqələrinin inkişafına töhfə verəcəyinə əminliyini bildirib.

Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün çıxışında Əlişir Nəvainin təkcə XV əsrin böyük şairi deyil, həm də Türk dünyasının böyük söz ustadı və mütəfəkkiri olduğunu söyləyib. Qeyd edib ki, Nəvainin irsi türk dilini mədəniyyət, ədəbiyyat və sivilizasiya dəyərlərinin ötürülməsi vasitəsinə çevirir. Səfir Əlişir Nəvainin türk xalqlarının ortaq mədəni irsinə, mədəni şüuruna təsir edən qüdrətli şəxsiyyət olduğunu vurğulayıb.

Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyətinin sədri, Milli Məclisin deputatları Eldar İbrahimov və Günay Əfəndiyeva çıxış edərək Əlişir Nəvai yaradıcılığının xalqları birləşdirən güclü mənəvi körpü olduğunu vurğulayıb, konfransı ortaq irsimizə, bəşəri dəyərlərə və qardaş xalqlarımız arasındakı dərin dostluq və həmrəyliyə töhfə kimi dəyərləndiriblər. 

Özbəkistanın “Vətəndaşlar” İctimai Fondunun rəhbəri Odiljon Səttarov, özbəkistanlı alimlərdən professor Marufjon Yoldaşev, dosent Burabiya Rajabova və yazıçı Risolat Haydarova Nəvainin yaradıcılığı, poemalarının ideya mahiyyəti haqqında məruzə ediblər.

Sonda Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili ixtisası üzrə təhsil alan tələbəsi Zhu Tianxu dahi mütəfəkkir Əlişir Nəvai yaradıcılığına həsr olunan beynəlxalq tədbirdə iştirak etməkdən məmnunluğunu bildirib, Səməd Vurğunun dillər əzbəri olan “Azərbaycan” şeirini səsləndirib.