AMEA Folklor İnstitutunun Elmi şurasının qərarı ilə akademik Muxtar Kazımoğlunun (İmanovun) “Şifahi sənət və yazılı ədəbiyyat” monoqrafiyası nəşr olunub.

İnstitutdan bildirilib ki, tədqiqat əsərində folklor və yazılı ədəbiyyat münasibətlərinin çoxşaxəli təbiəti, şifahi yaradıcılığın daxili qanunauyğunluqları və yazılı ədəbiyyatla qarşılıqlı əlaqələri elmi əsaslarla təhlil edilir. Müəllif diqqəti şifahi sənətin ritualla bağlılığına, mifoloji düşüncənin çağdaş ədəbiyyatda izlərinə və folklorla yazılı təhkiyənin qarşılıqlı təsirinə yönəldir.

Kitab doqquz fəsildən ibarətdir.

“Şifahi sənət və onun ritualla bağlılığı” adlanan fəsildə folklorun mahiyyətini onun ritual və mifoloji kökləri ilə əlaqədə araşdırılır. Folklorun rituallardan bədii ifadə formasına keçidi “Kitabi-Dədə Qorqud” kimi mənbələr əsasında elmi şəkildə əsaslandırılır.

Kitabın “Mifoloji düşüncə və çağdaş ədəbiyyat” fəslində musiqi və rituallar vasitəsilə mifoloji təsəvvürlərin yazılı ədəbiyyata inteqrasiyası təhlil edilir. 

“Folklor və yazılı ədəbiyyatda təhkiyə”, “Zaman və məkan” və “Üslub” fəsillərində müəllif şifahi və yazılı mətnlərdə təhkiyə mexanizmlərini müqayisəli şəkildə təhlil edir. Bu bölmələrdə folklor təfəkkürünə xas olan dövrəvi zaman anlayışı, sakral və mifoloji məkan modelləri ilə yazılı ədəbiyyatda formalaşmış xətti zaman və fərdi məkan təsəvvürləri arasındakı fərqlər və səsləşmələr araşdırılır. 

“Gülüşün magik və bədii-estetik mahiyyəti” və “Qəhrəmanı təqdim etməyin fərqli yönləri” fəsillərində isə folklor poetikasının mühüm komponentləri diqqət mərkəzinə çəkilir. Gülüşün yalnız estetik kateqoriya deyil, həm də magik, qoruyucu və sosial tənzimləyici funksiya daşıdığı folklor nümunələri əsasında əsaslandırılır. 

“Aşıq şeirində şifahilik və ustad sənətkar fərdiyyəti” və “Epik şeir və epos səsləşməsi” fəsillərində aşıq sənətində improvizasiya ilə ənənə, kollektiv yaddaşla fərdi ustad üslubu arasındakı tarazlıq təhlil edilir. 

“Elm və təhsil” nəşriyyatında çap olunmuş kitabın elmi redaktoru akademik Kamal Abdulla, rəyçisi isə filologiya elmləri doktoru, professor Əfzələddin Əsgərdir.