24-25 noyabr tarixlərində Parisdəki UNESCO Baş Qərargahında Dünya İrs Konvensiyasına Tərəf Dövlətlərin 25-ci Baş Assambleyası (25th General Assembly of the States Parties to the World Heritage Convention) keçirilir.

1972-ci ildə qəbul olunan "Dünya mədəni və təbii irsinin qorunması üzrə Konvensiya"ya indiyədək 196 dövlət qoşulub. Konvensiyanın icra olunması ilə bağlı məsələlər 21 dövlətin təmsil olunduğu və tərkibi mütəmadi olaraq regionlar üzrə rotasiya-seçki qaydasında yenilənən Dünya İrs Komitəsi tərəfindən həyata keçirilir.

Budəfəki sessiya zamanı Baş Assambleya Dünya İrs Komitəsinə növbəti dörd il müddətinə 12 üzv seçib: Azərbaycan, Ermənistan, Banqladeş, Çexiya, Qrenada, Küveyt, Monqolustan, Peru, Polşa, İsveçrə, Toqo, Tanzaniya Birləşmiş Respublikası.

Bu barədə UNECSO-nun rəsmi saytında məlumat yayılıb.

Beləliklə, Dünya İrs Komitəsinin hazırkı tərkibi aşağıdakı kimidir:

Azərbaycan, Ermənistan, Banqladeş, Çexiya, Qrenada, Yamayka, Qazaxıstan, Keniya, Küveyt, Livan, Monqolustan, Peru, Polşa, Koreya Respublikası, Seneqal, İsveçrə, Toqo, Türkiyə, Ukrayna, Tanzaniya Birləşmiş Respublikası, Vyetnam.

***

UNESCO-nun Dünya İrs Komitəsinin 2025-2029-cu illər üzrə üzvlüyünə keçirilmiş seçkilərdə Şərqi Avropa regionundan iştirak edən Azərbaycan Respublikası səsvermənin ilk mərhələsində 161 ölkədən 92-nin dəstəyini təmin edərək Komitəyə üzv seçilib.

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatında qeyd olunur.

Məlumatda diqqətə çatdırılır ki, 21 üzv ölkədən ibarət olan Komitə UNESCO-nun Dünya İrs Konvensiyasının həyata keçirilməsinə nəzarəti həyata keçirən əsas icra orqanıdır. Komitənin başlıca vəzifəsi Dünya İrs Siyahısının formalaşdırılması, dünya əhəmiyyətli mədəni və təbii irsin tanınması, qorunması və gələcək nəsillərə ötürülməsi üzrə fəaliyyətləri tənzimləməkdir. Komitə həmçinin Dünya İrs Fondunun vəsaitlərinin istifadə istiqamətlərini müəyyən edir və tərəflərin müraciəti əsasında layihələrə maliyyə dəstəyi ayırır.

Bu dəstək konservasiya işlərindən tutmuş idarəetmə planlarının hazırlanmasına, fövqəladə hallarda yardım və müvafiq strukturların potensialının gücləndirilməsi kimi önəmli sahələri əhatə edir.

Xatırladaq ki, Azərbaycan 2015-2019-cu illərdə də Dünya İrs Komitəsinin üzvü olub və onun fəaliyyətinə əhəmiyyətli töhfələr verib. 2019-cu ilin iyul ayında Komitənin 43-cü sessiyasına ölkəmiz ev sahibliyi edib. Yeri gəlmişkən, Bakıda keçirilən həmin sessiyada Azərbaycanın Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan sarayı UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib.

 Vüqar Orxan