Azərbaycanın zəngin muzey fondlarında qorunan hər bir muzey əşyası milli yaddaşımızın bir parçasıdır. Onların bərpası və gələcək nəsillərə orijinal şəkildə ötürülməsi böyük məsuliyyət, peşəkarlıq və sevgi tələb edir. Bu missiyanı həyata keçirən müəssisələrdən biri də Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzidir.
Mərkəzin əsas vəzifəsi muzey fondlarında qorunan qiymətli əşyaların orijinallığını saxlayaraq onların elmi əsaslarla bərpasını və konservasiyasını təmin etməkdir. Bərpa prosesi yalnız təmir işləri deyil, həm də incəsənət və elmin sintezidir. Bu prosesdə bərpaçı-rəssamlar mədəni irsin qorunması üçün vacib olan peşəkar sənətkarlar kimi çıxış edirlər.
Zamanla muzeylərdə saxlanılan dəyərli və nadir nümunələrin bərpa və konservasiyaya ehtiyacı yaranır. Bu kimi hallarda onlar uzunömürlülüyünü təmin etmək, tarixi və mədəni dəyərlərini qorumaq məqsədilə bərpa üçün Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinə gətirilir. Belə əşyalardan biri də Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyindən gətirilən XIX əsrin sonlarına aid neft lampasıdır.
Bu nadir əşya həm texniki, həm də estetik baxımdan dövrünün sənaye və mədəni inkişaf səviyyəsini əks etdirir. Lampanı istehsal edən Almaniyanın “Ehrich & Graetz” şirkəti 1866-cı ildə Berlində Albert Qretz tərəfindən təsis edilmiş, sənaye işıqlandırma sahəsində mühüm nailiyyətlər qazanmışdır. Şirkət tərəfindən istehsal olunan “Matador” modelləri o dövrün ən mükəmməl fitilli lampaları hesab edilirdi və yüksək işıqvermə qabiliyyəti ilə seçilirdi.
"Matador" lampalarının dizaynında, fitil tənzimləyicisi və alov yayma mexanizmi ilə yanaşı, yazı elementlər də ön planda olmuşdur. Məsələn, bəzi modellərdə metal hissələr üzərində "Matador" markası və istehsalçı işarələri yer alır. Bu işarələr, lampaların orijinallığını və istehsal tarixini müəyyən etməyə kömək edir.
Mərkəzə daxil olan lampa nümunəsi iki əsas hissə: qırmızımtıl rəngdə olan farfor alt korpus və metal fitil tənzimləyici ilə yandırma başlıqdan ibarətdir. Lampanın ölçüləri təxminən 15x20 sm təşkil edir. Üzərində “E. & G. Matador Berlin” yazısı və şirkətin loqotipi – dəniz atları ilə günəş simvolu – aydın şəkildə seçilir. Fitil hissəsindəki “20” rəqəmi lampanın fitil eninin xətlərlə ölçüsüdür və bu, işıqvermə səviyyəsinin göstəricisidir.
Vizual müayinə zamanı neft lampasının farfor hissəsinin gövdə hissəsində mənşəyi bilinməyən çoxlu sayda müdaxilələr müəyyən edildi. Bu hissə incə ornamentlərlə işlənmişdir və onların bərpa zamanı qorunması xüsusi diqqət tələb edir. Lampanın üst hissəsində işıq saçmaq üçün metal elementdə isə cüzi korroziya və deformasiya aşkarlandı. Fitil hissəsi isə işlək vəziyyətdə idi.
Neft lampası bərpaçı-rəssam Fəridə Həsənli tərəfində bərpa olunmuşdur. Proses farfor hissəsinin mexaniki təmizlənməsi ilə başlandı. Gövdədəki naməlum müdaxilənin papye-maşe ilə aparılmış qeyri-peşəkar təmir işi olduğu müəyyən olundu. Eksponatın gövdəsi xüsusi maddələr ilə yuyulduqdan sonra montaj edildi və sınan hissələri uyğun yapışqanla bir birinə yapışdırıldı. Çatışmayan və itmiş hissələr isə gips vasitəsilə tamamlandı. Sonda isə rənglərinə uyğun ton vuruldu.
Lampanın metal fitil hissəsi isə bərpaçı-rəssam Natiq Baxışov tərəfindən bərpa olunmuşdur. Proses zamanı metal hissədə olan korroziya təmizlənmiş, deformasiya aradan qaldırılmış və fitilin işlək vəziyyəti qorunmuşdur.
Nəticə etibarilə, “Ehrich & Graetz OHG” şirkətinin “Matador” markalı neft lampasının bərpası yalnız bir tarixi əşyanın yenidən canlandırılması deyil, həm də elmi bilik, sənətkarlıq və mədəni məsuliyyətin vəhdətidir. Bu bərpa prosesi göstərir ki, mədəni irsin qorunması keçmişə olan hörmətin ifadəsi olmaqla yanaşı, gələcəyə işıq salan bir elmi fəaliyyətdir. Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi tərəfindən həyata keçirilən bu iş həm milli-mədəni dəyərlərin qorunması, həm də bərpa elminin inkişafı baxımından böyük əhəmiyyət daşıyır.
Lalə Həsənzadə
Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin əməkdaşı





















