Azərbaycan xalqının şanlı tarixində əbədi iz qoymuş 44 günlük Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə keçirilən “Zəfər” musiqi və teatr festivalı çərçivəsində noyabrın 4-də Biləsuvar Dövlət Rəsm Qalereyasında “Zəfərin ruhu” adlı foto və rəsm sərgisi açılıb.
Tədbir Mədəniyyət Nazirliyinin və Biləsuvar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Azərbaycan Fotoqraflar Birliyinin və Azərbaycan Dövlət Rəsm Qalereyasının dəstəyi ilə keçirilib.
Açılış mərasimində sənət adamları, ictimaiyyət nümayəndələri ilə yanaşı, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov və Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi irs şöbəsinin müdiri İntiqam Babayev də iştirak ediblər.
Rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər və Azərbaycan mədəniyyətinin Qarabağın bərpası prosesindəki rolu barədə danışılıb.
Sonra “Zəfərin ruhu” adlı foto və rəsm sərgisinə baxış keçirilib.
Tədbir musiqi proqramı ilə davam edib.
Qeyd edək ki, sərgidə nümayiş olunan əsərlər Azərbaycan Ordusunun şücaətini, xalqımıza bəxş etdiyi əbədi Zəfər ruhunu, həmçinin işğaldan azad edilmiş torpaqlarımızda aparılan böyük quruculuq və dirçəliş prosesini, o cümlədən Qarabağ təbiətinin füsunkar gözəlliklərini rəssam və fotoqrafların gözü ilə əks etdirir.
Sərginin əsas məqsədi Qələbənin əhəmiyyətini, milli birliyi və Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan Zəfərin tarixi dəyərini, azadlıq və mübarizə ideyalarını incəsənət vasitəsilə əks etdirmək, gənc nəsildə vətənpərvərlik duyğularını daha da gücləndirməkdir.























