Avqustun 2-də Azərbaycanda kinonun yaranmasının 127-ci ildönümü tamam olur. Hər il kino işçilərinin peşə bayramı Mədəniyyət Nazirliyinin təşkil etdiyi müxtəlif tədbir, təqdimatlarla yadda qalır. Bu il də Kino Günü münasibətilə silsilə tədbirlər keçirilir.

Avqustun 1-i saat 20:00-da Xətai rayonundakı Heydər Əliyev adına parkın amfiteatrında Mədəniyyət Nazirliyi, Kino Agentliyi (ARKA), Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Xətai Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rejissor Əli-Səttar Quliyevin “Əlvida, Şmitd!” (2019) tammetrajlı bədii filmi nümayiş olunub. 

Tədbirə filmin yaradıcı heyəti də qatılıb. Quruluşçu rejissor Əli-Səttar Quliyev və baş rol ifaçısı, “Kino Sənayesi İnkişafı Fondu” İctimai Birliyinin sədr müavini Azər Aydəmir filmin məğzi barədə  məlumat verib, Azərbaycan Kinosu Günü münasibətilə həmkarlarını və kinosevərləri təbrik ediblər.

Avqustun 2-də Nizami Kino Mərkəzində bir sıra yerli rejissorların ekranlaşdırdığı filmlər nümayiş etdiriləcək.

Saat 14:00-dan etibarən Azər Quliyevin “İkinci planetin qırmızı rəngi”, Qulu Əsgərovun “Hasar”, Rüstəm Babazadənin “Son payız”, Teymur Qəmbərovun “İki gün”, Elşən Zeynallının “Müharibənin gözləri” və Murad Muradovun “Danışır və göstərir Şuşa” filmləri göstəriləcək.

Saat 18:00-da Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Kinosu Gününə həsr olunan təntənəli tədbir keçiriləcək.

Tədbir çərçivəsində Azərbaycan kinosunun inkişafına və təbliğinə töhfə vermiş kino işçiləri təltif olunacaq.

Mədəniyyət Nazirliyinin sifarişi ilə istehsal edilən “Oriondan sevgilərlə” (rejissor Rafiq Hacıyev), “Düşmüş mələk” (Elmar Fərzəli) və “Torpağı sanı yaşayasan” (Samir Kərimoğlu) qısametrajlı bədii filmlərinin premyerası olacaq.

Bundan əlavə, avqustun 2-də saat 20:00-da Dənizkənarı Bulvar İdarəsi və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının birgə təşkilatçılığı, Mədəniyyət Nazirliyi və ARKA-nın dəstəyi ilə açıq havada “Əhməd haradadır?” (rejissor Adil İsgəndərov, 1963) bədii filmi nümayiş olunacaq.

Qeyd edək ki, əlamətdar tarixin əsası 1898-ci il avqustun 2-də Bakıda ilk kinosüjetlərin kütləvi nümayişi ilə qoyulub.

Prezident Heydər Əliyevin 2000-ci ilin 18 dekabr tarixində imzaladığı Sərəncamla 2 avqust “Azərbaycan Kinosu Günü” elan edilib.