Xocavənddə sentyabrın 20-də ilk dəfə qeyd olunan “Şəhər günü” tədbirləri çərçivəsində uşaqlar üçün təsviri sənət üzrə ustad dərsi də təşkil olunub.

Əlamətdar gün münasibətilə Xocavənd şəhərinin mərkəzi parkı bayram ab-havasında bəzədilib.

Parkda təsviri sənətə maraq göstərən uşaqlar üçün ustad dərsi keçirilib.

Muzey Mərkəzi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkil etdiyi tədbirdə Xocavəndə qayıdan məktəblilər peşəkar rəssamların verdiyi istiqamətlə rəsm bacarıqlarını nümayiş etdiriblər.

Uşaqlar əl işlərində əsasən doğma yurdun təbii gözəlliklərini, eləcə də sevdikləri nağıl qəhrəmanlarını təsvir ediblər.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və mədəniyyət nazirinin müavini Murad Hüseynov balacaların əl işləri ilə tanış olublar.

Uşaqlar çəkdikləri rəsm barədə məlumat veriblər.

Qeyd edək ki, indiyədək Xocavənd rayonunun 8 yaşayış məntəqəsində ümumilikdə 4500-ə yaxın sakin (1083 ailə) məskunlaşıb.