Gəncə Şəhər İcra Hakimiyyətinin, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin (RMİ) və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin dəstəyi, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun təşkilatçılığı ilə 18 aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş tədbir keçirilib.
Gəncə-Daşkəsən RMİ-dən bildirilib ki, "Gəncə Qala Qapıları" Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksində gerçəkləşən tədbirdə rəsmi şəxslər, ziyalılar, tələbələr, məktəblilər və şəhər ictimaiyyəti nümayəndələri iştirak ediblər.
Tədbir çərçivəsində mədəni irsimizə həsr olunmuş rəsm sərgisi təşkil olunub, gənc rəssamların əsərləri nümayiş etdirilib.
Çıxış edənlər tarixi abidələrin qorunması və təbliğinin əhəmiyyətini vurğulayıb, bu günün mahiyyəti barədə məlumat veriblər.
2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunmasının mədəni irsin qorunmasına töhfəsi qeyd edilib.
Sonda sərgi iştirakçıları və tədbirə dəstək göstərən şəxslər təltif olunub, gənclərə hədiyyələr təqdim edilib.
Tədbir bədii proqramla davam edib, rəqs və musiqi nömrələri iştirakçılar tərəfindən maraqla qarşılanıb.























