"Çıraqqala-Şabran" Dövlət Tarix-Mədəniyyət Qoruğu tərəfindən "Qədim Şabran" arxeoloji abidəsində Novruz şənliyi təşkil olunub.
“Baharın müjdəçisi Novruz” adlı tədbir Azərbaycan xalqının milli-mənəvi, maddi və mədəni dəyərlərini gənc nəslə daha yaxından tanıtmaq və təbliğ etmək məqsədilə keçirilib.
Tədbirdə Şabran şəhər məktəblərinin müəllim və şagird kollektivi, həmçinin müəssisə və təşkilatların əməkdaşları iştirak ediblər.
Çıxış edənlər Novruzun – Bahar bayramının Azərbaycan xalqının ən qədim bayramlardan biri olduğunu, xoşbəxtliyi, bolluğu əks etdirdiyini diqqətə çatdırıblar.
Şənlikdə Novruz personajları Kosa və Keçəlin iştirakı ilə səhnəciklər nümayiş etdirilib, milli musiqi və rəqs nömrələri təqdim olunub, tonqal qalanıb.
İştirakçılara məktəblilərin əl işlərindən ibarət sərgilər, ebru sənəti və Novruz süfrəsi təqdim edilib. Həmçinin yumurta döyüşdürmə və kəndir çəkmə kimi milli oyunlar təşkil olunub.
























