Xalq şairi Rəsul Rzanın Bakıdakı ev-muzeyində aşıq sənətinin görkəmli nümayəndəsi, ustad sənətkar Aşıq Şəmşirin xatirəsinə həsr olunmuş “Sözün və sazın izində: Aşıq Şəmşir – 133” adlı tədbir keçirilib.

Tədbirdə mədəniyyət nazirinin müavini Murad Hüseynov, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Xalq yazıçısı Anar, Xalq şairi Sabir Rüstəmxanlı, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, Aşıq Şəmşirin nəvəsi rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov, AYB-nin sədr müavini, Mətbuat Şurasının sədri Rəşad Məcid, digər qonaqlar, mədəniyyət xadimləri iştirak ediblər.

Əvvəlcə ustad sənətkarın həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.

Muzeyin direktoru Fidan Rzayeva el sənətkarının yaradıcılığından danışıb. Bildirib ki, Aşıq Şəmşir Azərbaycan saz-söz  sənətinin parlaq nümayəndələrindən biri kimi xalqın yaddaşında yaşayır. Onun poeziyasında Vətənə sevgi, doğma torpağa bağlılıq, el-obaya sədaqət və milli dəyərlərə ehtiram əsas mövzulardandır.

Sonra Ümummilli lider Heydər Əliyevin Kəlbəcər və Aşıq Şəmşir haqqında söylədiyi dəyərli fikirləri əks etdirən videoçarx nümayiş olunub.

Çıxış edən qonaqlar sənətkarın həyat yolu, yaradıcılığı haqqında fikirlərini bölüşərək onun saz və söz sənətində qoyduğu zəngin irsi ehtiramla yad ediblər. Bildirilib ki, Aşıq Şəmşir qoşmaları, gəraylıları və təcnisləri ilə Azərbaycan ədəbiyyatını zənginləşdirən klassik sənətkarlardan biri kimi yadda qalıb və onun yaradıcılığı milli mədəni irsimizin dəyərli nümunələrindən hesab olunur.

Tədbirdə ustad aşığın şeirləri qiraət olunub, saz havaları səsləndirilib.