Tarixdəki olaylar

 

13 mart 1881 – Rusiya “Narodnaya volya” (“Xalqçılar”) inqilabçı-terror təşkilatının üzvləri Çar II Aleksandrı qətlə yetiriblər. 1855-ci ildə taxta çıxan II Aleksandra qarşı 10 dəfə sui-qəsd təşkil edilmişdi. Halbuki o, mütərəqqi çar kimi tarixə düşmüş, taxta çıxandan sonra dekabristlərə amnistiya vermiş, təhkimçilik hüququnu ləğv etmiş (1861), dövlət idarəçiliyində islahatlar aparmışdı.

 

13 mart 1938 – SSRİ Hökuməti bütün müttəfiq respublikaların məktəblərində rus dilinin icbari tədris olunması barədə qərar qəbul edib. Milli dilin məhdudlaşdırılması və ruslaşdırma siyasəti repressiyalarla müşayiət olunurdu. 

 

13 mart 1992 – Türkiyənin Ərzincan vilayətində 6,8 bal gücündə zəlzələ baş verib. 8 minə yaxın binanın tamamən və qismən dağıldığı təbii fəlakət nəticəsində 653 nəfər ölmüşdü.

 

13 mart 1995 – Azərbaycan Daxili İşlər Nazirliyinin tabeliyindəki Xüsusi Təyinatlı Polis Dəstəsinin (keçmiş "OMON") Qazax rayonundakı bölməsi Qazax və Ağstafa rayonlarında inzibati binalara, bölgədəki hərbi hissəyə basqın edib. Hər iki rayonda faktiki olaraq dövlət əleyhinə qiyam baş vermişdi, ölən və yaralananlar vardı. Bu hadisələr Azərbaycanda dövlət çevrilişinə cəhdin ("OMON qiyamı") başlanğıcı idi. 

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

13 mart 1900 – Yunan şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1963) laureatı Giorgos Seferis (1900 – 20.9.1971) anadan olub.

 

13 mart 1910 – Türk yazıçısı Kamal Tahir Dəmir (1910 – 21.4.1973) anadan olub. “Əsir şəhərin insanları”, “Yorğun savaşçı”, “Qurd qanunu” və s. romanların müəllifidir.

 

3 mart 1918 – Əməkdar mədəniyyət işçisi Xavər Əhməd qızı Vəkilova (Mirzəbəyova; 1918 – 16.1.2006) Dərbənd şəhərində doğulub. Xalq şairi Səməd Vurğunun ömür-gün yoldaşı olub. Səməd Vurğunun Ev-Muzeyinin direktoru (1975-2006) işləyib.

 

13 mart 1927 – Görkəmli aktyor, Xalq artisti Nodar Şaşıqoğlu (Nodar İzzətoviç Şaşıqoğlu; 1927 – 12.4.2013) Batumi şəhərində anadan olub. Moskva və Sankt-Peterburq teatrlarında, Azərbaycan Dövlət Rus Dram Teatrında çalışıb. “Uzaq sahillərdə”, “Əsl dost”, “Bizim küçə”, “Telefonçu qız” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

 

13 mart 1928 – Tanınmış skripka ifaçısı, Əməkdar artist Azad Həmzə oğlu Əliyev (1928 – 17.8.1994) anadan olub. Azərbaycan Dövlət Simfonik Orkestrinin konsertmeysteri, Azərbaycan Dövlət Konservatoriyasının müəllimi olub.

 

13 mart 1935 – Ədəbiyyatşünas, Əməkdar elm xadimi Arif Allahyar oğlu Hacıyev (1935–2000) anadan olub.

 

13 mart 1994 – Görkəmli aktyor, Əməkdar artist Həsən Abbasqulu oğlu Əbluc (22.4.1942 – 1994) vəfat edib. Teatr və televiziya tamaşalarında, kinoda yaddaqalan obrazlar yaradıb.

 

Hazırladı: Vüqar Orxan