Tarixdəki olaylar

 

5 mart 1831 – Lənkəranda Rusiya işğalı əleyhinə üsyan başlanıb. Devrildikdən sonra İrana qaçan Mirhəsən xan Lənkərana gələrək üsyana başçılıq edib. Lənkəran xanlığı Gülüstan müqaviləsi ilə (1813) Rusiyaya birləşdirildikdən sonra 1826-cı ildə ləğv edilmişdi. Rusiya işğalı əleyhinə üsyan iki ay sürdü.

 

5 mart 1923 – Azərbaycan SSR Xalq Komissarları Sovetinin (XKS) dekreti ilə Azərbaycan Foto-Kino İdarəsi yaradılıb. Sonrakı illərdə müxtəlif adlar altında fəaliyyət göstərib. 1940-cı ildə XKS yanında Kinematoqrafiya İşləri üzrə Komitə yaradılıb, 1946-cı ildə Kinematoqrafiya Nazirliyi adlandırılıb, 1953-cü ildə ləğv edilərək funksiyaları yeni yaradılan Mədəniyyət Nazirliyinə verilib. 1963-1988-ci illərdə yenə Kinematoqrafiya Komitəsi fəaliyyət göstərib, sonra yenidən onun səlahiyyətləri Mədəniyyət Nazirliyinə verilib.

 

5 mart 1933 – Adolf Hitlerin Nasional-Sosialist Partiyası Almaniya Parlamentinə (Bundestaq) seçkilərdə yerlərin yarısını əldə edib. Bir qədər əvvəl Prezident Qindenburq Hitleri Kansler təyin edərək koalision hökumət qurmağı ona tapşırmışdı. Parlament seçkisində qələbə sayəsində Hitler postunda möhkəmləndi, Qindenburq vəfat edəndən (1934) sonra isə özünü Almaniyanın mütləq rəhbəri – Reyxsfürer elan etdi.

 

5 mart 1992 – Azərbaycan Ali Sovetinin fövqəladə sessiyasında Xocalı faciəsi ilə bağlı gərgin müzakirələr gedişində xalq kütlələrinin etirazı və müxalifətin təzyiqi altında Ali Sovetin sədri Elmira Qafarova istefa verib. Azərbaycan Tibb Universitetinin rektoru, deputat Yaqub Məmmədov Ali Sovetin sədri seçilib.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

5 mart 1910 – Əməkdar incəsənət xadimi, rejissor Səftər (Əlisəftər) Həbib oğlu Turabov (1910 – 26.11.1989) Bakıda doğulub. Akademik Milli Dram Teatrında işləyib, Azərbaycan Radiosunda radio tamaşaları hazırlayıb.

 

5 mart 1919 – Teatr və kino aktyoru, kiçik rolların mahir ifaçısı Məmmədsadıq Qafar oğlu Nuriyev (1919 – 22.3.1975) Bakıda doğulub. Xalq artisti Yaşar Nurinin atasıdır. İrəvan Dövlət Azərbaycan Dram, Gəncə Dram, Musiqili Komediya teatrlarında çalışıb.

 

5 mart 1922 – İtalyan rejissoru, yazıçı, şair Pyer Paolo Pazolini (Pier Paolo Pasolini; 1922 – 2.11.1975) anadan olub.

 

5 mart 1925 – Şair, ədəbiyyatşünas İsmayıl Qəhrəman oğlu Cəfərpur (1925 – 18.2.1977) anadan olub.

 

5 mart 1926 – Xalq rəssamı Cahangir Mahmud oğlu Rüstəmov (1926 – 13.2.2007) Şəki şəhərində anadan olub. Tarixi mövzuda əsərlər, məişət tabloları, mənzərələr, portretlər və natürmortların müəllifidir.

 

5 mart 1934 – Türk kinorejissoru, ssenarist Halit Refiğ (1934 – 11.10.2009) anadan olub. “Qürbət quşları”, “Hərəmdə dörd qadın” və s. filmləri beynəlxalq festivallarda mükafat qazanıb.

 

5 mart 1936 – Görkəmli ədəbiyyatşünas alim, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, AMEA-nın müxbir üzvü Yaşar Vahid oğlu Qarayev (1936 – 25.8.2002) Şəkidə doğulub. AMEA-nın Ədəbiyyat İnstitutunun direktoru olub.

 

5 mart 1947 – Ədəbiyyatşünas, yazıçı Vaqif Minad oğlu Arzumanlı (1947 – 9.7.2014) Qubada doğulub. Kitabları: “Dədə Qorqudun qəbrinin izi ilə”, “Mirzə Fətəli Axundzadə və Qərbi Avropa ədəbi-nəzəri fikri” və s.

 

5 mart 1953 – Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, ədəbiyyatşünas Kamran  İmran oğlu Əliyev (1953 – 23.12.2020) Naxçıvan MR Şərur rayonunun Diyadın kəndində anadan olub.

 

5 mart 1956 – Şair Sabir Sarvan (Sabir Soltan oğlu Məlikov; 1956 – 14.3.2017) Ağsunun Pirhəsənli kəndində doğulub. “Gördüyüm göy üzü, baxdığım işıq”, “Özümü sözə çevirdim” və s. kitabların müəllifidir.

 

5 mart 1956 – Əməkdar incəsənət xadimi, tarixçi, xalçaşünas Vidadi Aydın oğlu Muradov (1956 – 4.11.2021) Bərdə şəhərində anadan olub.

 

5 mart 1956 – Əməkdar rəssam İsa Məmməd oğlu Məmmədov (1956 – 22.6.2024) Qərbi Azərbaycanda, Ermənistanın Qafan rayonunda anadan olub.

 

5 mart 1970 – Əməkdar incəsənət xadimi, rəssam Reyhan İbrahim qızı Topçubaşova (15.12.1905 – 1970) vəfat edib. Portret (“M.Ə.Sabir”), mənzərə (“Mərdəkanın görünüşü”) janrlarında, məişət mövzusunda (“Köhnə bazar”, “Toy”) əsərlər, natürmortlar çəkib.

 

 Hazırladı: Vüqar Orxan