Noyabrın 19-da Beynəlxalq Muğam Mərkəzində Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə Vətən müharibəsində şanlı Zəfərin 5-ci ildönümünə həsr olunmuş ədəbi-bədii tədbir və miniatür sənətinin incəliklərini əks etdirən “Kölgəsiz dünya” adlı sənədli filmin təqdimat mərasimi keçirilib.

Tədbirdə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri iştirak ediblər. 

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova giriş sözündə bildirib ki, Azərbaycan xalqının qüdrətinin, birliyinin və sarsılmaz iradəsinin rəmzinə çevrilmiş şanlı Zəfərin bütün Türk dünyası üçün qürurverici hadisə olduğunu vurğulayıb. O, türk incəsənətinin ən zərif sahələrindən biri olan miniatür sənətinə həsr olunmuş "Kölgəsiz dünya" sənədli filminin önəmindən danışıb: “Türk Mədəniyyəti və İrsi Fondu üçün miniatür sənətinin yaşadılması, öyrənilməsi və tanıdılması, Türk dünyasının ümumi mədəni irsinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Miniatürlər tarixi dövrlərin canlı əksi, rəngin, xəttin və obrazın sözsüz danışdığı vizual poeziyadır. Bu filmin ərsəyə gəlməsində Fondun birinci prezidenti, Milli Məclisin deputatı Günay Əfəndiyevanın rolu xüsusi qeyd olunmalıdır”. 

Tədbirdə bədii proqram təqdim olunub. Əməkdar artist Bəyimxanım Vəliyeva “Xudayar təsnifi”ni, gənc müğənni Xasay Şıxıyev “Ey vətən” mahnısını, xanəndə Ayşən Mehdiyeva isə “Qarabağ” şərqisini ifa ediblər. Ramiz Qusarçaylının “Azərbaycan bayrağı” şeirini aktyor Tural Əhməd qiraət edib. 3 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin rəqs qrupu çıxış edib. 

Bakı Dövlət Universitetinin Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müdiri professor Rəbiyyət Aslanova  “Kölgəsiz dünya” sənədli filminin əhəmiyyətindən bəhs edib. Bildirib ki, bu film miniatür sənətini geniş auditoriyaya tanıtmaqla yanaşı, Azərbaycan mədəni irsinin zənginliyini və estetik dəyərini göstərən vacib layihədir. 

Daha sonra miniatür sənətinə həsr olunmuş “Kölgəsiz dünya” adlı sənədli film nümayiş edilib.

Filmin çəkilməsində məqsəd miniatür sənətinin incəliklərini geniş kütləyə çatdırmaq, bu unikal sənət forması vasitəsilə tarixi və mədəni dəyərləri izah etməkdir.

Filmin müəllifləri “Artel” şirkətinin art direktorları Cəmilə Həşimova və Afaq Məmmədovadır.