Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən 36 nömrəli Uşaq musiqi məktəbinin müəllim və şagirdlərinin iştirakı ilə "Üzeyir Hacıbəyli – böyük pedaqoq və ziyalı kimi" adlı konsert keçirilib.
Üzeyir Hacıbəylinin Ev-Muzeyində reallaşan tədbir 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təşkil olunub.
Məlumat verilib ki, dövlət başçısının müvafiq sərəncamı ilə bu il dahi bəstəkar, musiqişünas, publisist və pedaqoq Üzeyir Hacıbəylinin (1885-1948) 140 illiyi geniş qeyd edilir. Üzeyir bəy bəstəkarlıqla yanaşı, görkəmli pedaqoq və təhsil təşkilatçısı kimi Azərbaycanda geniş maarifçilik işi aparıb.
Bildirilib ki, Beynəlxalq Müəllimlər Günü UNESCO-nun 1966-cı ildə verdiyi qərarla dünyada geniş qeyd olunur. Əlamətdar gün bu il müəllimliyi əməkdaşlığa əsaslanan bir peşə kimi yenidən dəyərləndirmək mövzusuna həsr edilib.
Daha sonra konsert proqramı təqdim olunub. Musiqi məktəbinin müəllim və şagirdləri Üzeyir Hacıbəyli və başqa bəstəkarların əsərlərini səsləndiriblər. Bütün ifalar alqışlarla qarşılanıb.
Sonda çıxış edən ev-muzeyin şöbə müdiri Vəfa Bağırzadə əlamətdar gün münasibətilə təbriklərini çatdırıb, konsert proqramına görə məktəbin kollektivinə təşəkkür edib.