5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür. 1966-cı il oktyabrın 5-də UNESCO-nun qərarı ilə təsis edilib.
Tarixdəki olaylar
5 oktyabr 1901 – Bakıda müsəlman qızlar üçün ilk təhsil ocağı – Qızlar Məktəbi açılıb. Məktəb maarifpərvər ziyalı Həsən bəy Zərdabinin təşəbbüsü ilə Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev tərəfindən inşa etdirilmişdi. Məktəbin direktoru H.Zərdabinin həyat yoldaşı Hənifə Məlikova-Zərdabi idi.
4-5 oktyabr 1994 – Bakıda və Gəncədə dövlət çevrilişinə cəhdlər uğursuzluğa düçar olub. Çevrilişə hazırlıq oktyabrın 3-də Bakıda DİN-in Xüsusi Təyinatlı Polis Dəstəsinin rəhbəri Rövşən Cavadov və qardaşı, Xətai rayonunun prokuroru Mahir Cavadovun Respublika Prokurorluğuna basqını ilə başlamışdı. Oktyabrın 4-də Baş nazir Surət Hüseynovun göstərişi ilə silahlı dəstələr Gəncədə hakimiyyəti devirməyə cəhd etmişdi. Həmin gün axşam saatlarında Heydər Əliyevin çağırışı ilə Prezident Aparatının binası önünə toplanan minlərlə insan dövlət başçısına dəstək verdi. 5 oktyabrda “Azadlıq” meydanında mitinqdə çıxış edən Heydər Əliyev dövlətçiliyin müdafiəsinə qalxdığına görə Azərbaycan xalqına təşəkkür etdi.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
5 oktyabr 1713 – Fransız mütəfəkkiri, maarifçi, dramaturq Deni Didro (Denis Diderot; 1713–1784) anadan olub. Fransız “Ensiklopediya”sının (“İzahlı elm, sənət və peşə lüğəti”) müəlliflərindən biri olub.
5 oktyabr 1918 – Azərbaycanın Xalq artisti Qalina Borisovna Koltunova (1918-1994) Bakıda doğulub. Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası (1943-cü ildən) olub.
5 oktyabr 1928 – Tanınmış ədəbiyyatşünas alim, yazıçı Məsud Əlioğlu (Vəliyev; 1928 – 23.6.1973) Qubadlı rayonunun Mahmudlu kəndində anadan olub.
5 oktyabr 1935 – Görkəmli bəstəkar, Xalq artisti, professor Xəyyam Hadı oğlu Mirzəzadə (1935 – 30.7.2018) Bakıda anadan olub. “Ağlar və qaralar” baletinin, simfoniyaların, mahnıların müəllifidir. 30-dan çox filmə (“Bizim küçə”, “Yeddi oğul istərəm”, “Arxadan vurulan zərbə” və s.), teatr tamaşalarına musiqi yazıb.
5 oktyabr 1935 – Əməkdar artist Məcnun Salam oğlu Hacıbəyov (1935 – 16.11.2021) Quba rayonunun İkinci Nügədi kəndində doğulub. Akademik Milli Dram Teatrında çalışıb, televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.
5 oktyabr 1936 – Çex yazıçı-dramaturqu, dövlət xadimi Vatslav Havel (Vaclav Havel; 1936–2011) anadan olub. Pyesləri: “Həyat irəlidədir”, “Bağda bayram”, “Sui-qəsdçilər” və s. Çex Respublikasının ilk prezidenti (1993-2003) olub.
5 oktyabr 1943 – SSRİ Xalq artisti, teatr və kino aktrisası İnna Çurikova (1943 – 14.1.2023) anadan olub. Filmləri: “Həmin o Münhauzen”, “Vassa” və s.
5 oktyabr 1955 – Əməkdar artist Simuzər Məmmədqulu qızı Namazova (1955 – 1.7.1996) Ağdam rayonunun Muğanlı kəndində doğulub. Ağdam və Gəncə teatrlarında çalışıb.
5 oktyabr 1961 – Əməkdar artist Əlihüseyn Əbdülrəhim oğlu Qafarlı (15.3.1911 – 1961) vəfat edib. Gəncə teatrında, Musiqili Komediya Teatrında çalışıb.
5 oktyabr 2002 – Əməkdar artist, tanınmış kamança ifaçısı Ədalət Səfərəli oğlu Vəzirov (27.4.1951 – 2002) vəfat edib.
5 oktyabr 2021 – Xalq artisti Vaqif Abdulla oğlu Şərifov (12.8.1943 – 2021) vəfat edib. Sumqayıt, Ağdam teatrlarında baş rejissor, Gəncə Dövlət Dram Teatrında baş rejissor və bədii rəhbər işləyib, filmlərə çəkilib.
Hazırladı: Vüqar Orxan