Tarixdəki olaylar

 

2 oktyabr 1958 – Fransanın Qərbi Afrikadakı müstəmləkəsi olan Qvineya müstəqilliyini elan edib.

 

2 oktyabr 1991 – İran hökuməti Bakıdan Naxçıvana gedən yük maşınlarının ölkə ərazisindən keçməsinə rəsmən razılıq verib. Bakı-Naxçıvan dəmir yolunun Ermənistan tərəfindən bağlanmasından sonra Azərbaycan hökuməti nəqliyyat dəhlizi ayrılması xahişi ilə İrana müraciət etmişdi.

 

2 oktyabr 1995 – Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında diplomatik münasibətlər yaradılıb. 1992-1993-cü illərdə Xalq Cəbhəsi hakimiyyəti dövründə Özbəkistanla münasibətlərdə soyuqluğun yaranması iki ölkənin rəsmi diplomatik əlaqələr qurmasını xeyli ləngitmişdi.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

2 oktyabr 1832 – İngilis etnoqrafı və yazıçısı Eduard Bernett Teylor (Edward Burnett Tylor; 1832–1917) anadan olub.

 

2 oktyabr 1869 – Hindistanda milli-azadlıq hərəkatının ideoloqu, filosof Mahatma Qandi (Mohandas Karamchand Gandhi; 1869–1948) anadan olub.

 

2 oktyabr 1913 – Əməkdar incəsənət xadimi, dirijor Çingiz Zülfüqar oğlu Hacıbəyov (1913 – 18.1.1971) anadan olub.

 

2 oktyabr 1923 – Əməkdar mədəniyyət işçisi Turan Cavid (Turan Hüseyn Cavid qızı Rasizadə; 1923 – 12.9.2004) anadan olub. C.Cabbarlı adına Dövlət Teatr Muzeyinin, Hüseyn Cavidin Bakıdakı ev-muzeyinin direktoru işləyib.

 

2 oktyabr 1935 – Şair, tərcüməçi, Əməkdar incəsənət xadimi Səyavuş İmran oğlu Məmmədzadə (1935 – 3.9.2022) anadan olub. Azərbaycan ədəbiyyatından rus dilinə, rus, bolqar, Ukrayna, Polşa ədəbiyyatından Azərbaycan dilinə tərcümələr edib.

 

2 oktyabr 1962 – Əməkdar artist Elşən Şıxəli oğlu Şirəliyev (1962 – 20.12.2021) Bakıda doğulub. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru olub. 

 

2 oktyabr 1969 – Musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Seyran Əmir oğlu Qafarov (2.10.1969 – 5.11.2018) Bakıda anadan olub.

 

2 oktyabr 1981 – Xalq artisti, tanınmış teatr və kino aktyoru Həsənağa Dərya oğlu Salayev (5.12.1921 – 1981) vəfat edib. Akademik Milli Dram Teatrında çalışıb, “Görüş”, “Onu bağışlamaq olarmı?”, “Aygün” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

 

2 oktyabr 2023 – Əməkdar mədəniyyət işçisi Fərhad Ağa Səlim oğlu Babayev (5.1.1948 – 2023) vəfat edib. Heydər Əliyev Sarayının direktoru olub.

Hazırladı: Vüqar Orxan