Bolqarıstan paytaxtı Sofiyada – İvan Vazov adına Milli Teatrın qarşısındakı meydanda "Avropa dilləri yarmarkası" keçirilib.
Avropa dilləri gününə (26 sentyabr) həsr olunan ənənəvi tədbir Avropa Komissiyasının Bolqarıstandakı “Yazılı tərcümələr” Baş İdarəsinin nümayəndəliyi tərəfindən EUNIC-Bolqarıstanın üzvü olan dil və mədəniyyət institutları, eləcə də Avropa İttifaqına daxil olmayan ölkələrin mədəniyyət mərkəzləri və diplomatik təmsilçilikləri ilə əməkdaşlıq çərçivəsində təşkil olunub.
Bakı Slavyan Universitetinin Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin nəzdində fəaliyyət göstərən "Azərbaycan dili və mədəniyyəti mərkəzi" bu il də təşəbbüsə qoşularaq iştirakçıları Azərbaycan dili, Azərbaycan mədəniyyəti və ədəbiyyatı ilə tanış edib.
Sofiya Universitetinin türkologiya ixtisasının tələbələri – Azərbaycan dili üzrə təhsil alan Katrin Nikova və Veronika Balkancı qonaqlara mərkəzin fəaliyyəti, türkologiya ixtisasında tədris olunan Azərbaycan və türk dilləri barədə ətraflı məlumat veriblər.
Stenddə Azərbaycan yazıçı və şairlərinin əsərlərinin müxtəlif Avropa dillərinə, o cümlədən bolqar dilinə tərcümələri təqdim olunub, həmçinin Azərbaycan haqqında maraqlı faktlar, eləcə də Marqarita Pavlovanın Azərbaycana həsr olunmuş “Plamıçka və Plamıçko” kitabından parçalar, “Bir neçə türk dilində ifadələr öyrənmək istəyirsinizmi?” adlı maarifləndirici vərəqələr yer alıb.
Qeyd edək ki, təqdimatın əsas məqsədi Bakı Slavyan Universiteti tərəfindən yaradılan Azərbaycan mərkəzinin fəaliyyətinin təbliği və Sofiya Universitetinin Klassik və yeni filologiya fakültəsinin türkologiya ixtisasında tədris edilən Azərbaycan dilini gənclər üçün daha cəlbedici etmək və onların bu sahəni seçməsinə dəstək verməkdir.