Bişkek şəhərində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ilə T.Abdumomunov adına Qırğızıstan Milli Akademik Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb.
Sənədi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru Əməkdar mədəniyyət işçisi İlham Əsgərov və Qırğızıstan Milli Akademik Dram Teatrının direktoru Xalq artisti Asılbek Özübekov imzalayıblar.
Memorandum iki teatr arasında klassik və müasir dramaturgiyanın dəyərli nümunələrinin, tamaşaların yaradıcı kollektivlərinin, teatr sahəsində çalışan ayrı-ayrı peşə nümayəndələrinin – rejissor, aktyor, səhnə tərtibatçısı və kostyum ustalarının mübadiləsini, forum və ustad dərslərinin keçirilməsini nəzərdə tutur.
Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Asılbek Özübekov bildirib ki, iki dost və qardaş ölkənin milli teatrlarının rəsmiləşdirdiyi əməkdaşlıq müqaviləsi mədəniyyət tarixinin vacib hadisəsidir.
"Teatrlarımız arasında imzalanmış bu memorandum çərçivəsində həyata keçirilən tədbirlər hər iki ölkənin teatr həyatında canlanma yaradacaq, Azərbaycan və Qırğızıstan arasında mədəni və dostluq əlaqələrinin inkişafına dəyərli töhfələr verəcək", - deyə o əlavə edib.
İlham Əsgərov qeyd edib ki, Akademik Milli Dram Teatrı beynəlxalq əlaqələrini genişləndirir: "Çox şadam ki, teatr tariximizin bu vacib hadisəsi 3 oktyabr – Türk Dövlətləri Təşkilatı gününə təsadüf edir. Azərbaycanın beynəlxalq əlaqələri günbəgün böyük uğurla inkişaf edir. Ölkəmizin beynəlxalq əlaqələr sahəsində qazandığı uğurlara uyğun olaraq, biz də teatr kimi, mədəniyyətin bir istiqaməti olaraq, öz işimizi dövlətimizin atdığı mühüm addımlara uyğun şəkildə qururuq. Mədəniyyət Nazirliyi tərəfindən müxtəlif ölkələrdə təntənəli şəkildə Azərbaycan mədəniyyəti günləri keçirilir. Məhz bu istiqaməti, bu yol xəritəsini əsas tutaraq, əməkdaşlıq əlaqələri qururuq. Növbəti əməkdaşlıq müqavilələri Qazaxıstan və Özbəkistanın milli teatrları ilə imzalanacaq".
Bişkekə səfəri çərçivəsində İlham Əsgərov Ata-Beyit Milli Tarixi Memorial Kompleksində Çingiz Aytmatovun məzarını və yazıçının ev-muzeyini ziyarət edib, Qırğızıstan-Azərbaycan dostluq parkında və Azərbaycanın Qırğızıstandakı səfirliyində olub, səfirliyin müşaviri Zülfüqar Tanarverdi və "Birlik" Azərbaycan diaspor təşkilatının sədri Xansuvar Baxşəliyevlə görüşüb, iki ölkənin mədəni əməkdaşlığı kontekstində teatr sahəsində addımlara dair fikir mübadiləsi aparıb.