Azərbaycan Prezidenti təbrik məktubu göndərib...

3 oktyabr Almaniyanın milli bayramı – Alman Birliyi Günüdür. 1990-cı il oktyabrın 3-də Qərbi Almaniya (Almaniya Federativ Respublikası) və Şərqi Almaniya (Almaniya Demokratik Respublikası) birləşərək vahid dövlət olub.

II Dünya müharibəsindən sonra Almaniya ərazisi SSRİ (sovet sektoru) və ABŞ, Britaniya, Fransa (Qərb sektoru) arasında iki yerə bölünmüşdü. O cümlədən Berlin şəhəri ikiyə hissə ayrılmışdı.  1949-cu ildə sovet sektorunda ADR, Qərb sektoru  AFR olmaqla iki alman dövləti yaranmışdı.

1989-cu ildə SSRİ iki Almaniyanın birləşməsinə razılıq verdi, Berlin divarı söküldü. Bir il sonra Almaniyanın birləşməsi gerçəkləşdi.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli bayram münasibətilə Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident,

3 Oktyabr – Alman Birliyi Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Almaniya bizim üçün vacib tərəfdaş ölkədir və biz ikitərəfli əlaqələrimizin hərtərəfli inkişafına böyük əhəmiyyət veririk. Sizin aprel ayında Azərbaycana səfəriniz geniş gündəliyə malik əməkdaşlığımızın inkişafına yeni təkan verdi.

İnanıram ki, Azərbaycan ilə Almaniya arasında dostluq münasibətlərinin inkişafı, bir sıra sahələr üzrə qarşılıqlı maraq doğuran əməkdaşlığımızın davam etdirilməsi və yeni məzmunla zənginləşməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Almaniya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.