Almaniya Federal Hökuməti (Bundesregierung) dövlət strukturunun və idarəetmənin modernləşdirilməsi məqsədilə “Modernizasiya gündəmi”ni (Modernisierungsagenda) təsdiqləyib.

Bu barədə koalisiya hökumətinin ikigünlük iclasının yekunları barədə Almaniya Kansleri Fridrix Merts (Fridrich Merz; CDU), maliyyə naziri Lars Klinqbayl (Klingbeil; SPD) və daxili işlər naziri Aleksander Dobrindt (CSU) oktyabrın 2-də birgə keçirdikləri mətbuat konfransında məlumat veriblər.

Kansler iclasın diqqət mərkəzində rəqabət qabiliyyətinin gücləndirilməsi və dövlətin modernləşdirilməsi məsələlərinin yer aldığını qeyd edib. Bildirib ki, əsas məqsəd ölkəni yenidən ön sıralara çıxarmaqdır.

Proqramla bağlı hökumətin rəsmi internet saytında yayılan məlumatda “Sürətli Almaniya üçün modernləşmə gündəliyi” ifadəsi yer verilib.

Modernləşdirmə gündəliyi bir çox xidmətləri daha rəqəmsal etmək və vətəndaşları və biznesləri bürokratiyadan azad etmək məqsədi daşıyır.

Qeyd olunur ki, modernləşdirmə gündəliyi konkret təkmilləşdirmələri təmin etmək üçün hazırlanmış 23 əsas layihəni müəyyənləşdirir.

“Modernizasiya gündəmi” çərçivəsində daha səmərəli idarəetmə, vətəndaşyönümlülük və rəqəmsallaşmanın artırılması sahələrində islahatların reallaşdırılması nəzərdə tutulur. Bu sahədə layihələrin icrasına qısa müddətdə başlanması planlaşdırılır.

Hökumət həmçinin dövlət aparatını modernləşdirməyi, vətəndaşların xidmətlərini daha əlçatan etməyi, həm də təhlükəsizlik və enerji sahələrində strateji təşəbbüsləri irəli aparmağı hədəfləyir.

Maliyyə naziri L.Klinqbayl bu təşəbbüsü ölkədə prosesləri daha da sadələşdirmək cəhdi kimi qiymətləndirib.

Daxili işlər naziri A.Dobrindt isə hazırkı proseslər fonunda yeni hibrid təhlükələrə qarşı hazırlıq görülməsinin vacibliyini vurğulayıb. O, federal polis qanununun, hava təhlükəsizliyi qanununun yenidən işlənməsi və dronlara qarşı müdafiə mərkəzinin yaradılacağını elan edib.