29 sentyabr – 1 oktyabr tarixlərində İspaniyanın Barselona şəhərində UNESCO-nun Mədəniyyət Siyasətləri və Dayanıqlı İnkişaf üzrə Dünya Konfransı (MONDIACULT – 2025) keçirilir. Tədbirdə Azərbaycan da təmsil olunur.

Mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti Barselonaya gedib.

UNESCO-nun təşəbbüsü ilə MONDIACULT ilk dəfə 1982-ci ildə Meksikanın paytaxtı Mexikoda keçirilib. 16 il sonra, 1998-ci ildə İsveçin paytaxtı Stokholmda UNESCO-nun İnkişaf üçün Mədəniyyət Siyasətləri Dünya Konfransı təşkil edilib.

2022-ci ildə (28–30 sentyabr) MONDIACULT yenidən Mexiko şəhərində bərpa olunub və dünyada mədəniyyət siyasətləri üzrə ən genişmiqyaslı hökumətlərarası platforma kimi bu konfransın davamlı keçirilməsi qərara alınıb.

Budəfəki konfrans mədəniyyətin qlobal miqyasda inkişafın əsas dayaqlarından biri kimi tanınmasını, həmçinin 2030-cu il Dayanıqlı İnkişaf Gündəliyində mədəniyyətin ayrıca məqsəd kimi təsbit edilməsini hədəfləyir.

Tədbir çərçivəsində “Mədəni hüquqlar”, “Rəqəmsal texnologiyalar və mədəniyyət”, “Təhsil və mədəniyyət”, “Mədəniyyət iqtisadiyyatı”, “İqlim və mədəniyyət”, “İrs, mədəniyyət və böhran” kimi mövzular müzakirə olunacaq. Konfrans yüzlərlə ölkəni, beynəlxalq təşkilatları, mədəniyyət sahəsinin ekspertlərini və vətəndaş cəmiyyətini bir araya gətirərək, qarşılıqlı təcrübə və ideya mübadiləsi üçün unikal qlobal platformadır.

"MONDIACULT – 2025"in tədbirlər proqramına “Mədəniyyət əsaslı iqlim fəaliyyəti üzrə 3-cü Yüksək Səviyyəli Nazirlər Dialoqu” da daxildir.