Dünyaca məşhur azərbaycanlı fotoqraf Reza Deqati Çin Xalq Respublikasının Hunan vilayətində keçirilən Beynəlxalq Foto Sənəti Federasiyasının (International Federation of Photographic Art – FIAP) 9-cu Foto Görüşünə əsas çıxışçı və mentor kimi dəvət olunub.
Tədbir FIAP, Çin Foto Sənəti Cəmiyyəti, eləcə də Hunan vilayətinin Xarici İşlər İdarəsi və Mədəniyyət-Turizm Departamenti tərəfindən təşkil edilib.
Reza Deqati 15 gün ərzində 40 ölkədən, həmçinin Çindən olan 400-dən çox fotoqrafla birlikdə səyahət edib və öz təcrübələrini bölüşüb.
Çıxışında Reza Deqati müxtəlif ölkələrdə çəkdiyi fotoları və videoları təqdim etməklə yanaşı, xüsusi olaraq Qarabağ həqiqətlərini tədbir iştirakçılarına çatdırıb. Onun Qarabağla bağlı danışdığı hekayələr müxtəlif ölkələrdən fotoqraflar arasında böyük maraq doğurub.
O deyib: “Məni ən çox təəccübləndirən o oldu ki, Türkiyədən olan bir fotoqraf istisna olmaqla, 399 fotoqraf Qarabağ haqqında yalnız erməni rəvayətlərini bilirdi. Bu, Qarabağ həqiqətlərini yaymaq üçün hələ uzun yolumuz olduğunu göstərir. Amma əminəm ki, həqiqət qalib gələcək”.