Tarixdəki olaylar
27 avqust 1991 – Bakı Şəhəri Xalq Deputatları Sovetinin qərarı ilə Lenin adına meydanda Vladimir Leninin heykəli sökülüb. Meydana Azadlıq adı verilib.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
27 avqust 1770 – Alman filosofu Georq Vilhelm Fridrix Hegel (Georg Wilhelm Friedrich Hegel; 1770 – 14.11.1831) anadan olub. Əsərləri: “Ruhun fenomenologiyası”, “Məntiq elmi”, “Tarixin fəlsəfəsi” və s.
27 avqust 1856 – Ukrayna ədəbiyyatının banilərindən biri, yazıçı, şair İvan Yakovleviç Franko (1856 – 28.5.1916) anadan olub. Əsərləri: “Kəsişən cığırlar” (roman), “Oğurlanmış xoşbəxtlik” (şeirlər toplusu).
27 avqust 1871 – Amerika yazıçısı Teodor Drayzer (Theodore Herman Albert Dreiser; 1871 – 28.12.1945) anadan olub. Əsərləri: “Kerri bacı”, “Cenni Herhardt”, “Arzular trilogiyası”, “Amerika faciəsi”, “Dahi” və s.
27 avqust 1896 – Rus aktrisası, SSRİ Xalq artisti Faina Georgiyevna Ranevskaya (Feldman; 1896 – 19.7.1984) anadan olub. Bir müddət (1925–1927, 1929–1931) Bakı İşçi Teatrında (indiki Rus Dram Teatrı) çalışıb.
27 avqust 1918 – Əməkdar rəssam Ənvər Hacıağa oğlu Almaszadə (1918 – 6.3.2007) Bakıda doğulub. Akademik Opera və Balet Teatrında rəssam (1937–1992) işləyib.
27 avqust 1921 – Yazıçı-dramaturq Seyfəddin Dağlı (Seyfəddin Əliağa oğlu Abbasov; 1921 – 18.1.1983) Xızıda doğulub. “Adı sənin, dadı mənim”, “Aydınlığa doğru” və s. pyeslərin, “Bahar оğlu”, “Məşəl” kitablarının müəllifidir. “Kirpi” jurnalının baş redaktoru olub.
27 avqust 1928 – Əməkdar rəssam Nadir Əlimuxtar oğlu Zeynalov (1928 – 16.3.1987) anadan olub.
27 avqust 1929 – Əməkdar mədəniyyət işçisi, aktyor, rejissor Məmmədkamal Allahqulu oğlu Kazımov (1929 – 13.12.2005) Bakıda anadan olub. Akademik Dram, Sumqayıt, Ağdam teatrlarında çalışıb, filmlərdə çəkilib.
27 avqust 1942 – Ərəbşünas alim, akademik Vasim Məmmədəli oğlu Məmmədəliyev (1942 – 13.10.2019) Bakıda anadan olub. “Qurani Kərim”in Azərbaycan dilinə tərcüməçilərindən biridir. “Ərəb dilçiliyi”, “Quran və elm” və s. monoqrafiyaların, dərsliklərin müəllifidir.
27 avqust 1998 – Görkəmli kinorejissor, Xalq artisti Tofiq Mehdiqulu oğlu Tağızadə (7.2.1919 – 1998) vəfat edib. Filmləri: “Görüş”, “Uzaq sahillərdə”, “Yeddi oğul istərəm”, “Dədə Qorqud”, “O dünyadan salam” və s.
27 avqust 2022 – Azərbaycan miniatür sənətinin tədqiqatçısı, sənətşünaslıq doktoru, professor Cəmilə Yusif qızı Həsənzadə (7.12.1947 – 2022) vəfat edib.
Hazırladı: Vüqar Orxan