Tarixdəki olaylar
26 avqust 1071 – Sultan Alp Arslanın başçılıq etdiyi Səlcuq ordusu ilə Bizans imperatoru Romen Diogenin qoşunları arasında Malazgird döyüşü (Türkiyənin Muş vilayətinin ərazisi) baş verib. Alp Arslanın 50 minlik süvari ordusu bizanslıların 200 minlik qoşunu üzərində qələbə çalıb. Bu qələbədən sonra türklərin Səlcuq dövləti Qafqaz-Yaxın Şərq regionunda hegemon gücə çevrilib.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
26 avqust 1892 – İctimai-siyasi xadim, publisist Seyid Cəfər Pişəvəri (1892 – 12.6.1947) Cənubi Azərbaycanın Xalxal mahalının Zeyvə kəndində anadan olub. 1945–1946-cı illərdə İranda azərbaycanlıların milli hərəkatına başçılıq edib.
26 avqust 1914 – Argentina yazıçısı və şairi Xulio Kortasar (Julio Florencio Cortazar; 1914 – 12.2.1984) anadan olub. Əsərləri: “Uduş”, “Sonuncu raund”, “Manuelin kitabı” və s.
26 avqust 1940 – Əməkdar artist, müğənni İdris Saleh oğlu Mehdiyev (1940 – 10.11.2015) Gəncə şəhərində doğulub. Azərbaycan Televiziyası və Radiosu Xorunun solisti və direktoru olub.
26 avqust 1956 – Yazıçı-jurnalist, tərcüməçi, teatrşünas Yaqub Əlioğlu (Məmmədov; 1956 – 13.10.2024 ) Cəbrayıl rayonunun Soltanlı kəndində doğulub. AzTV-nin "Azərbaycantelefilm" yaradıcılıq birliyində redaktor, baş redaktor işləyib, 100-dən çox televiziya filminin ssenari müəllifidir.
26 avqust 1983 – Kinorejissor, Əməkdar incəsənət xadimi Arif Hacağa oğlu Babayev (25.9.1928 – 1983) vəfat edib. Filmləri: “Uşaqlığın son gecəsi”, “Gün keçdi”, “Arxadan vurulan zərbə”, “Alma almaya bənzər”, “Birisigün, gecəyarısı...” və s.
26 avqust 2003 – Xalq artisti, tanınmış aktyor Həsən Ağaməmməd oğlu Məmmədov (22.11.1938 – 2003) vəfat edib. “Gün keçdi”, “Yeddi oğul istərəm”, “İstintaq”, “Axırıncı aşırım” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
Hazırladı: Vüqar Orxan