
Respublika Gənclər Kitabxanasında tanınmış yazıçı, tərcüməçi, şərqşünas Əlibala Hacızadənin (28.8.1935 – 9.10.2009) 90 illiyi münasibətilə biblioqrafik icmal hazırlanıb.
Vəsaitdə yazıçının həyat və yaradıcılığı, layiq görüldüyü mükafatlar, müəllifi olduğu əsərlər haqqında məlumat verilib.
İcmalda tənqidçi Vaqif Yusiflinin “Sevməsən, sevilməzsən” və yazıçı Camal Zeynaloğlunun “Özünə əbədi ədəbi abidə ucaltmış insan” adlı məqalələrin tam mətni də təqdim edilib. Həmçinin Əlibala Hacızadənin “Seçilmiş əsərləri”nin cildləri, “Məhəbbət olmayan evdə”, “Sonuncu mahnı”, “Saib Təbrizi və farsdilli poeziyada Hind üslubu”, “Xəstəlik düşüncədən başlayır: satirik hekayələr, şerlər və detektiv”, “Cənubi Azərbaycan ədəbiyyatının yeni inkişaf mərhələsi” kimi 20-dən çox kitabın biblioqrafik təsviri, qısa icmalı, haqqında yazılan dövrü mətbuat nümunələrinin siyahısı yer alıb.
Biblioqrafik icmal kitabxananın saytında yerləşdirilib.
Qeyd edək ki, Əlibala Hacızadə “İtkin gəlin”, “Əfsanəsiz illər”, “Ayrılığın sonu yoxmuş”, “Təyyarə kölgəsi”, “Vəfalım mənim” və s. əsərləri geniş oxucu rəğbəti qazanıb.