Tarixdəki olaylar

 

25 avqust  1992 – Azərbaycan Respublikası ilə Mərakeş Krallığı arasında diplomatik münasibətlər qurulub. Mərakeş ölkəmizin müstəqilliyini 1991-ci il dekabrın 30-da tanıyıb.

 

25 avqust 2001 – Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi ordu generalı Hüseyn Kıvrıkoğlunun Azərbaycana səfəri gedişində iki ölkə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub. Səfər əsnasında Türkiyə Silahlı Qüvvələrinin ali pilotaj eskadrilyası – "Türk ulduzları" Bakı səmasında nümunəvi uçuşlar (24 avqust)  keçirib. 

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

25 avqust 1891 – İtalyan yazıçısı, rəssam və bəstəkar Alberto Savinyo (Alberto Savinio – Andrea Di Chirico; 1891 – 5.5.1952) anadan olub. “Niobeyanın ölümü”, “Kapitan Uliss” dramlarının müəllifidir.

 

25 avqust 1910 – Əməkdar incəsənət xadimi, rəssam Bəhram Tofiq oğlu Əfəndiyev (1910 – 3.8.1967) anadan olub. Gəncə Dövlət Dram Teatrında baş rəssam işləyib.

 

25 avqust 1915 – Əməkdar memar Tahir Abdulla oğlu Abdullayev (1915 – 5.1.2004) anadan olub.

 

25 avqust 1918 – Amerika bəstəkarı və dirijoru Leonard Bernstayn (1918 – 14.10.1990) anadan olub.

 

25 avqust 1926 – Xalq rəssamı Xalidə Ələkbər qızı Səfərova (1926 – 23.12.2005) Gəncədə anadan olub. Yaradıcılığında natürmort, mənzərə, nağıllara illüstrasiyalar geniş yer tutur: “Dağ çayı”, “Aşıq Qərib”, “Çövkən oyunu”, “Payız bağında” və s.

 

25 avqust 1930 – Gürcü rejissoru, SSRİ Xalq artisti Georgi Daneliya (1930 – 4.4.2019) anadan olub. Filmləri: “Mən Moskvada addımlayıram”, “Mimino”, “Payız marafonu” və s.

 

25 avqust 1930 – Şotland əsilli Amerika aktyoru Şon Konneri (Thomas Sean Connery; 1930 – 31.10.2020) anadan olub. Ceyms Bond haqqında 6 filmdə baş rola çəkilib. “Oskar” mükafatına (“Toxunulmazlar”, 1988) layiq görülüb.

 

25 avqust 1931 – Yazıçı, naşir, Əməkdar mədəniyyət işçisi Əjdər Rza oğlu Xanbabayev (1931 – 30.5.1990) anadan olub. “Azərnəşr”in direktoru olub.

 

25 avqust 1935 – Xalq şairi Fikrət Qoca (Fikrət Göyüş oğlu Qocayev; 1935 – 5.5.2021) Ağdaş rayonunun Kotanarx kəndində doğulub. “Təkərlər geri fırlanır”, “Yaralı çiçəklər”, “Oddan keçənlər” və s. poemaların müəllifidir. Şeirlərinə populyar mahnılar (“Gəl, ey səhər”, “Payız gəldi” və s.) bəstələnib.

 

25 avqust 1942 – Şair, publisist Davud Məcid oğlu Nəsib (1942 – 26.3.2003) Qazax rayonunda anadan olub. Kitabları: “Ürək sözsüz danışır”, “Bizdən sonra yaşayanlar”, “Karvan gedir” və s.

 

25 avqust 1945 – Əməkdar artist, Dövlət mükafatı laureatı Vəfa Nüsrət qızı Fətullayeva (1945 – 21.5.1987) anadan olub. Akademik Dram Teatrında çalışıb. Televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb. “Firəngiz” filmində (1975) baş rolda çəkilib.

 

25 avqust 1948 – Əməkdar artist Faiq Məsim oğlu Qasımov (1948 – 23.1.2017) anadan olub. Gəncə Dövlət Dram Teatrında aktyor və rejissor işləyib.

 

25 avqust 1965 – Əməkdar elm xadimi, filologiya üzrə elmlər doktoru, professor Hüseyn Məmməd oğlu Həşimli (1965 – 20.6.2020) Naxçıvan MR Culfa rayonunun Teyvaz kəndində doğulub.  

 

25 avqust 2002 – Görkəmli ədəbiyyatşünas alim, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, AMEA-nın müxbir üzvü Yaşar Vahid oğlu Qarayev (5.3.1936 – 2002) vəfat edib. AMEA-nın Ədəbiyyat İnstitutunun direktoru olub.

 

25 avqust 2024 – Tanınmış tarixçi alim, jurnalist, BDU-nun Milli mətbuat tarixi kafedrasının professoru Nəsiman Qara oğlu Yaqublu (22.2.1962 – 2024) yol qəzasında dünyasını dəyişib. 

Hazırladı: Vüqar Orxan