Tarixdəki olaylar
23 avqust 1514 – Səfəvi dövlətinin başçısı Şah I İsmayılın qoşunları ilə Sultan I Səlimin (Sultan Səlim Yavuz) başçılıq etdiyi Osmanlı ordusu arasında Çaldıran düzündə (Maku şəhəri yaxınlığında) döyüş baş verib. Səfəvi ordusu məğlub olub. Çaldıran döyüşündə qələbə sayəsində Osmanlı dövləti Ərzurum daxil olmaqla Şərqi Anadolunu və Şimali Mesopotamiyanı (indiki Şimali İraq) ələ keçirib. Məğlubiyyət Səfəvilərin hərbi-siyasi nüfuzuna ağır zərbə vurub.
23 avqust 1722 – Çar I Pyotrun komandanlığı altındakı rus qoşunları Dərbənd şəhərini işğal ediblər. Rusiyanın Azərbaycanın Xəzərsahili bölgələrinə ilk hərbi ekspansiyası başlanıb. Bir qədər sonra Bakını (1723) ələ keçirən rus qoşunları Lənkəran və Astaraya, daha sonra isə Ənzəli limanınadək irəliləyib.
23 avqust 1993 – Ermənistan silahlı qüvvələri Azərbaycanın Cəbrayıl və Füzuli rayonlarının mərkəzlərini və kəndlərinin böyük hissəsini işğal edib. Həmin ilin oktyabrında hər iki rayon bütünlüklə işğal altına düşdü. 1994-cü ilin yanvarında Azərbaycan Ordusu Füzulinin Arazboyu kəndlərini və Horadiz qəsəbəsini düşməndən azad etdi. 2016-cı ilin Aprel döyüşləri sayəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin sakinləri doğma yurda qayıtdılar. 2020-ci ilin 44 günlük Vətən müharibəsində Cəbrayıl (4 oktyabr) və Füzuli (17 oktyabr) şəhərləri, hər iki rayonun bütün kəndləri işğaldan azad edildi.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
23 avqust 1851 – Çex yazıçısı Alois Yirasek (1851 – 12.3.1930) anadan olub. “Yan Qus” trilogiyası, “Yan Jijka” və s. tarixi romanların müəllifidir.
23 avqust 1880 – Rus yazıçısı Aleksandr Stepanoviç Qrin (Qrinevski; 1880 – 8.7.1932) anadan olub. Əsərləri: “Al yelkənlər”, “Dalğalar üzərində qaçan”, “Qızıl zəncir” və s.
23 avqust 1922 – Tarixçi alim, Azərbaycan SSR EA-nın müxbir üzvü Əlövsət Nəcəfqulu oğlu Quliyev (1922 – 6.11.1969) anadan olub. Tarix İnstitutunun direktoru işləyib.
23 avqust 1943 – Görkəmli aktyor, Xalq artisti Şahmar Zülfüqar oğlu Ələkbərov (1943 – 12.8.1992) anadan olub. “Dağlarda döyüş”, “Yeddi oğul istərəm”, “Qatır Məmməd”, “Arxadan vurulan zərbə” və s. filmlərdə çəkilib. “Sahilsiz gecə”, “Qəzəlxan” filmlərinin quruluşçu rejissorudur, filmlərin səsləndirilməsində iştirak edib.
Hazırladı: Vüqar Orxan