Tarixdəki olaylar
22 avqust 1864 – Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) yaranıb. Müharibə qurbanlarına humanitar yardım göstərilməsi məqsədilə qurulan təşkilatın təşəbbüsçüsü İsveçrə vətəndaşı Anri Dünan idi. Cenevrədə toplanan 12 dövlətin nümayəndələri müharibələr zamanı yaralı əsgərlərə yardım göstərilməsi haqqında konvensiyanı imzalayıblar.
22 avqust 1993 – Lənkəranda Ələkram Hümbətovun qondarma rejiminə (“Talış-Muğan Respublikası”) qarşı xalqın kütləvi aksiyası başlanıb. Ali Sovetin sədri, Prezident səlahiyyətlərini icra edən Heydər Əliyevin televiziya ilə müraciətindən sonra minlərlə sakin dövlətçiliyin müdafiəsi üçün mitinqə çıxıb. Mitinq Ə.Hümbətovun dəstəsi tərəfindən atəşə tutulub, 3 nəfər həlak olub. Cinayətkar dəstəsi ilə dağlara qaçan Ə.Hümbətov həmin ilin payızında ələ keçirildi.
22 avqust 2000 – Azərbaycan Respublikasının 2-ci Prezidenti, milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəy Türkiyədə, Gülhanə Hərbi Tibb Akademiyasında (Ankara) vəfat edib. Prezident Heydər Əliyev Elçibəyin vəfatı ilə bağlı televiziya ilə çıxış edərək başsağlığı vermiş, rəsmi dəfn komissiyası təşkil edilmişdi. Elçibəy avqustun 23-də Bakıda, Fəxri xiyabanda dəfn olundu.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
22 avqust 1862 – Fransız bəstəkarı Klod Debüssi (Achille-Claude Debussy; 1862 – 25.3.1918) anadan olub. Əsərləri: “Pelleas və Melizanda” (opera), “Oyunlar” (balet), “Bahar” (simfonik süita) və s.
22 avqust 1920 – Amerikalı fantast-yazıçı Rey Bredberi (Raymond Douglas Bradbury; 1920 – 5.6.2012) anadan olub.
22 avqust 1922 – Mədəniyyət xadimi Adelaida İrza qızı Məmmədova (1922 – 25.4.2015) Tiflisdə doğulub. Azərbaycan peşəkar vokal sənətinin banisi Bülbülün ömür-gün yoldaşı olub, sənətkarın memorial muzeyinin direktoru işləyib.
22 avqust 1937 – Əməkdar incəsənət xadimi, tanınmış heykəltaraş Eldar Heydər oğlu Zeynalov (1937– 13.1.2001) Bakıda anadan olub.
22 avqust 1978 – Tanınmış rəssam Həsən Əli oğlu Haqverdiyev (1917–1978) vəfat edib. Rəngkarlıq və qrafika əsərlərinin müəllifidir, teatr tamaşalarına səhnə tərtibatı verib.
Hazırladı: Vüqar Orxan