
AMEA Folklor İnstitutu Elmi şurasının qərarı ilə “Zəngəzur folkloru: poetik sözdən sosial mənaya” elmi araşdırmalar kitabı işıq üzü görüb.
İnstitutdan bildirilib ki, kitaba Zəngəzur, Qərbi Azərbaycan, o cümlədən Qarabağ folklor mühitlərinə məxsus olan folklor nümunələrinin sosial, tarixi və etnoqrafik kontekstdəki təbiəti, semantikası, psixoloji və funksional xüsusiyyətlərinin tədqiq olunduğu araşdırma yazılar daxil edilib.
Ayrı-ayrı müəlliflərin folklorun müxtəlif janr və problemlərini əhatə edən araşdırmalarında etnoqonik mətnlərin təbiəti, kosmoqoniya və yaradılışın psixosemantikası, insest yasağı, gülüşün metaforik-simvolik mahiyyəti, dini mərasimlər və s. kimi məsələlər təhlil süzgəcindən keçirilib.
Kitabın elmi redaktorları filologiya elmləri doktoru, professor Əfzələddin Əsgər, filologiya elmləri doktoru Sərxan Xavəri, tərtib edəni filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Ramazanovadır.