Tarixdəki olaylar
16 iyul 1804 – Birinci Rusiya-İran müharibəsi (1804–1813) başlanıb. Müharibənin ilkin nəticəsi olaraq imzalanan Kürəkçay müqavilələri (14 və 21 may 1805-ci il) ilə Azərbaycanın Qarabağ və Şəki xanlıqları Rusiyaya ilhaq edilib.
16 iyul 1989 – Bakıda yarımleqal şəraitdə Azərbaycan Xalq Cəbhəsinin təsis konfransı keçirilib. Bu, Azərbaycanda Qarabağ hadisələri ilə başlanan xalq hərəkatının qismən təşkilatlanması idi. Əbülfəz Elçibəy Xalq Cəbhəsinin sədri seçilib.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
16 iyul 1723 – İngilis rəssamı və incəsənət nəzəriyyəçisi Coşua Reynolds (Joshua Reynolds; 1723 – 23.2.1792) anadan olub. Məşhur əsərləri: “Veneranın kəmərini açan Amur”, “İlanı boğan balaca Herkules” və s.
16 iyul 1911 – Amerikalı aktrisa və rəqqasə, “Oskar” mükafatı laureatı Cincer Rocers (Ginger Rogers – əsl adı Virginia Katherine McMath; 1911 – 25.4.1995) anadan olub.
16 iyul 1913 – Xalq artisti, müğənni Mirzə Əbdülcabbar oğlu Babayev (1913 – 13.1.2003) Bakıda doğulub. Azərbaycan Dövlət Filarmoniyasının solisti olub, filmlərdə (“Telefonçu qız”, “Dərviş Parisi partladır”, “Dəli Kür” və s.) maraqlı rollar oynayıb.
16 iyul 1928 – Məşhur rus şairi Andey Dementyev (1928 – 26.6.2018) anadan olub. Populyar mahnıların sözlərinin müəllifidir.
16 iyul 1934 – Əməkdar memar, Dövlət mükafatı laureatı Rasim Həsən oğlu Əliyev (1934 – 13.11.2021) anadan olub. Bakı şəhərinin baş memarı (1974–1988) işləyib. Bir sıra mədəniyyət saraylarının, Naxçıvanda Hüseyn Cavidin məqbərəsinin (Ö.Eldarovla birlikdə) layihə müəllifidir.
16 iyul 1949 – Əməkdar artist, bəstəkar, skripka ifaçısı Fərhəng Rəhim oğlu Hüseynov (1949 – 16.2. 2010) anadan olub. Yaponiyada “İpək Yolu” müsabiqəsinin (1991) qalibi kimi “Kodayu” operasını yazıb, simfonik əsərlər müəllifidir.
16 iyul 1958 – Xalq artisti İlham Təvəkkül oğlu Əsgərov (1958 – 6.9.2015) Masallı rayonunun Xoşçobanlı kəndində doğulub. Milli Dram Teatrında, televiziya tamaşalarında, filmlərdə (“Doğma sahillər”, “Biz qayıdacağıq”) maraqlı rollar oynayıb. Filmlərin səsləndirilməsində iştirak edib.
16 iyul 2022 – Azərbaycan telejurnalistikasının tanınmış simalarından biri, Əməkdar jurnalist Mais Məmmədov (12.7.1938 – 2022) vəfat edib.
Hazırladı: Vüqar Orxan