Bülbülün Memorial Muzeyində Azərbaycan professional vokal sənətinin banisi, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı, professor, ictimai xadim Bülbülün (1897–1961) anadan olmasının 128-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbir Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyası və Şövkət Ələkbərova adına 20 nömrəli 11-illik Musiqi məktəbinin birgə təşkilatçılığı ilə gerçəkləşib.
Əvvəlcə Ulu öndər Heydər Əliyevin Bülbüllə bağlı fikirlərini əks etdirən videoçarx nümayiş etdirilib.
Muzeyin direktoru Fərqanə Cabbarova qonaqları salamlayaraq Bülbülün həyat və yaradıcılığından, Ümummilli lider Heydər Əliyevin Bülbül yaradıcılığına göstərdiyi diqqət və qayğıdan, muzeyin yaranma tarixindən bəhs edib.
Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı, şair-publisist Güləmail Murad dahi sənətkarın zəngin yaradıcılıq irsindən söz açıblar.
Məktəblilərin ifasında Bülbülün repertuarında xüsusi yeri olan Üzeyir Hacıbəylinin "Sənsiz" və Asəf Zeynallının "Ölkəm" romansları, eləcə də Fikrət Əmirovun "Yaz nəğməsi", Tofiq Quliyevin "Coş, dənizim" mahnısı, Həsən Rzayevin "Çahargah rapsodiyası" və digər əsərlər ifa səsləndirilib.
Sonda Bülbülün ifasında R.Qliyerin "Şahsənəm" operasından Aşıq Qəribin ariyasının lent yazısı təqdim olunub.