Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalı başa çatıb.

İyunun 22-də muğamın beşiyi olan azad Qarabağda – Ağdam Muğam Mərkəzində festivalın bağlanış mərasimi olub.

Tədbirdə rəsmilər, tanınmış elm və mədəniyyət xadimləri, festivalın xarici qonaqları iştirak ediblər.

Mərasim Azərbaycan Dövlət Rəqs Ansamblının ifasında milli rəqsimizin nümayişi ilə başlayıb. Daha sonra festival çərçivəsində keçirilmiş tədbirləri özündə əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov ənənəvi festivalın gerçəkləşməsində Heydər Əliyev Fondunun mühüm rolu olduğunu vurğulayıb. O, iyunun 17-dən 22-dək davam edən muğam bayramının maraqlı tədbirlərlə yaddaşlara yazıldığını bildirib.

Özbəkistanın və Tacikistanın Xalq artisti, muğam müsabiqəsində münsiflər heyətinin sədri Munojat Yolçiyeva çıxışında muğamın çoxsaylı xalqları birləşdirən bir dəyər olduğunu söyləyib.

Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaşzadə festivalın bağlanış mərasiminin Qarabağda, işğaldan azad edildikdən sonra sürətlə qurulan, dirçəldilən muğam-sənət beşiyi Ağdamda keçirilməsinin tarixi hadisə olduğunu deyib. Qeyd edib ki, builki müsabiqə daha bir neçə istedadlı gənc muğam ifaçısını üzə çıxarıb.

Sonra festival çərçivəsində təşkil olunmuş beynəlxalq muğam ifaçıları müsabiqəsinin laureatları mükafatlandırılıb.

Azərbaycan Milli Konservatoriyasının "Ənənəyə sadiqliyə görə" xüsusi mükafatı Çindən Sincan Uyğur musiqi qrupuna təqdim olunub.

Özbəkistan təmsilçiləri Alibek Saparboyev və Dilnoza Akbarova (III yer), Azərbaycan təmsilçiləri Nurəddin Tağıyev və Məhta Məhəmmədəlizadə Behnama (II yer), Özbəkistandan Farangiz Mahmudova (I yer) və müsabiqənin Qran-prisini qazanan Azərbaycan təmsilçisi Məftun Səfərliyə mükafatlar təqdim edilib.

Tədbir müsabiqə laureatları və digər xanəndələrin ifasında konsert proqramı ilə başa çatıb.

Beləliklə, "Muğam aləmi" festivalı bu dəfə də müxtəlif ölkələrdən ifaçıları mədəniyyətlər beşiyi Azərbaycanda bir araya gətirdi və unudulmaz sənət hadisəsinə çevrildi.