Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdim etdiyi "Opera Günləri" layihəsi çərçivəsində milli professional vokal sənətinin banisi, SSRİ Xalq artisti Bülbülün repertuarından ibarət konsert proqramı təqdim olunub.
İyunun 21-də Beynəlxalq Muğam Mərkəzində keçirilən konsert Bülbülün (1897–1961) anadan olmasının 128-ci ildönümü ərəfəsinə təsadüf edib.
Teatrdan verilən məlumata görə, musiqi axşamında Əməkdar artistlər Fərid Əliyev, Əliəhməd İbrahimov, İlkin Əhmədov, solistlər Adil Axundov, Mahir Tağızadə, Atəş Qarayev, Rza Xosrovzadə, Mirəli Sarızadə çıxış ediblər.
Bülbülün repertuarından ibarət proqramında Üzeyir Hacıbəylinin "Koroğlu" operasından Koroğlunun ariyası, "Sənsiz", "Sevgili canan", Fikrət Əmirovun "Ulduz", Asəf Zeynallının "Ölkəm" romansları, Tofiq Quliyevin "Neftçilər mahnısı", Azərbaycan xalq mahnıları "Xumar oldum", "Mən aşiq", həmçinin Cakomo Puççininin "Toska" operasından Kavaradossinin ariyası, Cüzeppe Verdinin "Riqoletto" operasından Hersoqun mahnısı, Qaetano Donisettinin “Sevgi şərbəti” operasından Nemorinonun ariyası səsləndirilib.
Konsert proqramı tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.