Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) və Türkiyə Elmlər Akademiyasının (TÜBA) birgə təşkilatçılığı ilə Bakıda keçirilən (20–21 iyun) “Azərbaycan və Türkiyə dünya siyasətində” mövzusunda beynəlxalq simpoziumun bağlanış mərasimi olub.
Bu barədə AMEA-dan məlumat verilib.
Mərkəzi Elmi Kitabxanada baş tutan tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli çıxış edərək iki gün davam edən beynəlxalq simpoziumun əhəmiyyətli elmi nəticələrlə yadda qaldığını bildirib.
AMEA rəhbəri vurğulayıb ki, “Azərbaycan və Türkiyə dünya siyasətində” mövzusu ilk dəfə ayrıca bir beynəlxalq elmi simpoziumun əsas müzakirə predmeti olub. Akademik İsa Həbibbəyli beynəlxalq tədbir çərçivəsində 30-a yaxın məruzənin dinlənildiyini, müzakirələr nəticəsində tədbirdə iştirak edən hər kəsdə Azərbaycan ilə Türkiyənin dünya siyasətindəki rolu, mövqeyi, birliyi və həmrəyliyi barədə kompleks təsəvvürün formalaşdığını bildirib.
O, beynəlxalq simpoziumun mühüm nəticələrindən biri kimi Türkiyə ilə elmi əlaqələrin daha da möhkəmləndirilməsini xüsusi vurğulayıb. Qeyd edib ki, bu tədbir AMEA-nın həm Türkiyənin müxtəlif elmi qurumları, həm də Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyası ilə əməkdaşlıq əlaqələrinin inkişafında yeni səhifə açıb. Türkiyə-Azərbaycan əlaqələrinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu söyləyən AMEA rəhbəri bu əməkdaşlıq nəticəsində iki qardaş ölkə arasında elmi əlaqələrin daha da dərinləşəcəyinə inamını ifadə edib. Tədbir çərçivəsində Azərbaycana ilk dəfə səfər edən türkiyəli alimlərin iştirakının xüsusi məna kəsb etdiyini vurğulayan alim ölkələrimiz arasında yeni elmi körpülərin qurulmasını sevindirici hal kimi qiymətləndirib. O, simpoziumun yeni ortaq elmi layihələrin və gələcək əməkdaşlıqların başlanğıcına çevrildiyini, eyni zamanda, elmi əlaqələrin inkişafı baxımından mühüm platforma rolunu oynadığını qeyd edib.
Türkiyə Elmlər Akademiyasının prezidenti professor Müzəffər Şəkər çıxış edərək möhkəm təməllərə əsaslanan Azərbaycan-Türkiyə münasibətlərinin təhlili, iki ölkə arasında əməkdaşlığın daha da inkişafı, qlobal siyasi gərginliklərin aradan qaldırılması, ortaq elmi mövzuların müzakirəsi baxımından beynəlxalq tədbirin önəmini qeyd edib. O, simpozium çərçivəsində müxtəlif istiqamətlər üzrə geniş və maraqlı məruzələrin dinlənildiyini vurğulayıb. Professor Müzəffər Şəkər Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir” və Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci Türkiyənin sevinci, kədəri kədərimizdir” kəlamlarının hər iki dövlət arasında əlaqələrin sarsılmaz özülünü təşkil etdiyini bildirib. Müzəffər Şəkər mütəfəkkir şair Yunus Əmrənin şeirindən “Sevəlim seviləlim, Dünya kimsəyə qalmaz” misralarını səsləndirərək, Azərbaycan və Türkiyə xalqlarının bir-birinə olan sevgisinin, iki ölkə arasındakı sarsılmaz dostluq və qardaşlıq münasibətlərinin əbədi olmasını arzulayıb.
TÜBA prezidenti tədbirin faydalı ideya platforması kimi məhsuldar nəticələrlə yadda qalacağına əminliyini ifadə edib.
Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasının (AASSA) prezidenti, TÜBA Beynəlxalq Əlaqələr İşçi Qrupunun sədri professor Əhməd Nuri Yurdusev çıxış edərək elmi-texniki biliklərə dərindən yiyələnmiş mütəxəssislərin hazırlanmasının müasir dövrdə hər bir ölkənin inkişaf strategiyasının əsas tərkib hissəsi olduğunu deyib. Simpoziumun yüksək səviyyədə təşkil olunduğunu söyləyən AASSA-nın prezidenti tədbir çərçivəsində geniş elmi müzakirələr aparıldığını, hər iki ölkənin alim və ziyalılarının aktual elmi və ictimai problemlərin həllində yaxından iştirak etdiklərini deyib. Professor Əhməd Nuri Yurdusev vurğulayıb ki, Azərbaycan və Türkiyə elm adamlarının bir araya gəldiyi bu simpozium həm bilik və təcrübə mübadiləsi, həm də əlaqələrin genişləndirilməsi baxımından mühüm platforma rolunu oynadı.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru Eynulla Mədətli, Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin böyük elmi işçisi tarix üzrə fəlsəfə doktoru Zülfiyyə Vəliyeva və digərləri çıxış edərək simpoziumun aktuallığını vurğulayıb, tədbirin daha geniş coğrafiya əhatə etməsinin zəruriliyini söyləyiblər.
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.