Xəbər verildiyi kimi, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Şərqi Zəngəzura və Qarabağa növbəti səfəri təşkil edilib.
İyunun 20-də diplomatlar Bakıdan təyyarə ilə Laçına gəliblər. Nümayəndə heyətini Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edib.
Qonaqları Laçın Beynəlxalq Hava Limanında Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov qarşılayıb.
Yeni inşa olunan aeroport haqqında məlumat verilib. Bildirilib ki, Laçın aeroportu 2025-ci il mayın 28-də Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılıb. Mürəkkəb dağlıq relyefdə yerləşən Laçın Beynəlxalq Hava Limanı işğaldan azad olunmuş ərazilərdə inşa edilən üçüncü beynəlxalq hava limanıdır. İşğaldan azad olunan ərazilərdə qısa vaxtda müasir standartlara cavab verən Füzuli və Zəngilan Beynəlxalq Hava limanları da inşa olunub və artıq fəaliyyət göstərir. Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi ilə Azərbaycanın beynəlxalq hava limanlarının sayı doqquza çatıb.
Diplomatik korpus nümayəndələri sonra “Hoçazfilm” studiyasına gəliblər. “Hoçazfilm” Laçın şəhərində iki inzibati binadan və bir çəkiliş pavilyonundan ibarətdir. Studiyanın adı Laçın rayonunun əsas rəmzlərindən sayılan Hoçaz qayalıqlarının adından götürülüb. Çoxşaxəli yaradıcılıq məkanı olan “Hoçazfilm”in perspektiv fəaliyyət istiqamətləri çox genişdir. Bu istiqamətlərə Qarabağ regionunun genişmiqyaslı təbliğatı ilə bağlı layihələrin həyata keçirilməsi, bölgədə keçiriləcək mədəni-kütləvi tədbirlərin işıqlandırılması, Laçında yenidənqurma işlərinin, regionun milli brendlərinin və yerli məhsulların təşviqi, gənclər üçün yay məktəbləri, yaradıcılıq atelyeləri, kinematoqrafiya, rəsm kursları və müsabiqələrinin təşkili daxildir.
Qonaqların tanışlıq səfərinin növbəti ünvanı Yurd Qalereyası olub. 2025-ci ildə Laçının "MDB-nin Mədəniyyət Paytaxtı" elan edilməsi çərçivəsində açılmış qalereya Qarabağ və Şərqi Zəngəzurun zəngin mədəni irsini əks etdirmək məqsədi daşıyır. Bakı Abadlıq Xidmətinin dəstəyi ilə Laçın şəhərində açılan qalereyada yerli sənətkarların əsərləri, bölgənin tarixi və etnoqrafiyası ilə bağlı eksponatlar sərgilənir.
Daha sonra heyət “Lacinema” mərkəzinə baş çəkib. Qeyd edilib ki, kino mərkəzi musiqili və bədii tədbirlərin keçirildiyi məkana çevrilib. Bayram və əlamətdar günlər ərəfəsində mərkəzdə bir çox mədəni tədbirlər təşkil edilir. Diplomatlar burada Laçının işğal zamanı çəkilən görüntülərini və azad edildikdən sonra görülən bərpa-quruculuq işlərini özündə əks etdirən videoçarxa baxıblar.
Prezidentin xüsusi nümayəndəsi Məsim Məmmədov Laçın haqqında təqdimatla çıxış edib.
Diplomatik korpus nümayəndələrinin Laçın səfəri Seyrangahda davam edib. Burada qonaqlar Laçın şəhərinə açılan mənzərəyə baxıb, Laçının yenidən abadlaşdığına şahid olublar.
Laçında fəaliyyətə başlayan mərkəzlərdən biri - "Gilabi Ceramics” də səfər iştirakçılarının marağına səbəb olub, burada ərsəyə gələn əl işlərinin sərgisinə baxış keçirilib.
Səfər zamanı qonaqlar Həkəri çayının Laçın şəhər mərkəzindən keçən sahilində olub, çaya balıq buraxıblar.
***
Diplomatik korpusun nümayəndələri Şərqi Zəngəzur və Qarabağa səfər çərçivəsində iyunun 21-də Şuşa şəhərində olublar. Nümayəndə heyətini Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edib.
Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov qonaqlara şəhərin tarixi, işğal dövründəki vəziyyəti və şəhər işğaldan azad olunandan sonra burada aparılan bərpa-quruculuq işləri barədə məlumat verib. Bildirib ki, infrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpası da həyata keçirilir.
Nümayəndə heyətinin Şuşa ilə tanışlığı dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin ev-muzeyindən başlayıb. XIX əsrə aid tikili 1959-cu ildən bina ev-muzeyi kimi fəaliyyətə başlayıb. 1992-ci ildə Şuşa şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən tarixədək fəaliyyət göstərib. Muzeydə Hacıbəylilər ailəsinə məxsus ev əşyaları, həmçinin bəstəkarın şəxsi əşyaları, fotomateriallar, kitablar - ümumilikdə 1700 eksponat qorunub saxlanılırdı. Şuşa şəhəri ermənilər tərəfindən işğal edildikdən sonra muzey fəaliyyətini dayandırmış, eksponatları talanmış, binası isə dağıdılmışdı. Muzeyin mövcud 1700 eksponatından yalnız 136-sını qorumaq mümkün olub.
Şuşa şəhəri işğaldan azad olunandan (2020) sonra bir sıra tarixi binalar kimi Üzeyir Hacıbəylinin ev-muzeyi də bərpa olunub. Muzey binasında Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işləri zamanı yeni ekspozisiya yaradılıb. Burada Üzeyir Hacıbəylinin ev-muzeyinin xilas edilən eksponatları nümayiş olunur.
Nümayəndə heyəti sonra “Şirin su” hamamına baxıblar. “Şirin su” hamamı 1880-ci ildə inşa edilib. Vaxtilə şəhərin digər hamamlarında ərazilərdəki şor quyu sularından istifadə olunurdu. Bu hamam isə Xan qızı Xurşidbanu Natəvanın Şuşaya çəkdirdiyi şirin su ilə təchiz edilib. Şuşa şəhəri 1992-ci ildə ermənilər tərəfindən işğal edildikdən sonra “Şirin su” hamamında abidənin memarlıq üslubuna aid olmayan dəyişikliklər edilmiş, əlavə tikililər inşa olunmuş, hamam yararsız vəziyyətə salınmışdı. “Şirin su” hamamı 2022-2024-cü illərdə bərpa olunub.
Merdinli məhəlləsinə gələn qonaqlara məlumat verilib ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri memarlıq abidələri ilə yanaşı, həm də məhəllələri ilə tanınır. Qədim Şuşada 17 məhəllə olub. XVIII əsrin sonları, XIX əsrin əvvəllərində salınmış Merdinli məhəlləsi şəhərin mərkəzi hissəsində yerləşir. Merdinli məhəlləsindən bir çox tanınmış şəxsiyyətlər çıxıb. Şuşa şəhərinin digər tarixi məkanları kimi, Merdinli məhəlləsi də erməni vandalizminə məruz qalıb.
Diplomatik korpusun nümayəndələri Şuşa şəhərinin Qarabağ küçəsində həyata keçirilən tikinti işləri ilə də tanış olublar. Bu küçədə dövlət-özəl tərəfdaşlığı çərçivəsində ümumilikdə müxtəlif təyinatlı 10 binanın inşası aparılır. İnşa olunan binalar arasında mehmanxana, ofislər, iaşə obyektləri var.
Qonaqlar Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş, professional vokal məktəbinin təşəkkülü və təkamülündə mühüm rol oynamış Xalq artisti Bülbülün ev-muzeyində də olublar. Görkəmli musiqiçi 1982-ci ildən ev-muzeyi kimi fəaliyyət göstərən bu evdə anadan olub və uşaqlıq illərini burada keçirib. Muzeydə Bülbülün yaradıcılıq, elmi-tədqiqat, pedaqoji, ictimai fəaliyyətini əks etdirən 9 minə yaxın sənəd toplanmışdı. Ev-muzeyi 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq fəaliyyətini dayandırmışdı. Şuşa şəhəri işğaldan azad olunandan sonra Prezident İlham Əliyevin tapşırığına əsasən muzeydə təmir-bərpa və yenidənqurma işləri aparılıb.
Səfər çərçivəsində xarici diplomatlar Şuşa şəhərində birinci yaşayış kompleksində yaradılan şəraitlə də tanış olublar. Təməli 2021-ci ildə qoyulan yaşayış kompleksinin açılışı 2024-cü il mayın 10-da olub. Bütün evlər Şuşanın ənənəvi üslubunda inşa edilib. İyirmi üç binadan ibarət yaşayış kompleksində sakinlərin rahat yaşaması üçün hər cür şərait yaradılıb. Keçmiş məcburi köçkünlər doğma şəhərlərinə qayıdaraq yaşayış kompleksində məskunlaşıblar.
Xarici diplomatlar sonra Mehmandarovların malikanə kompleksinə gəliblər. Malikanə kompleksi Mehmandarov nəslinin nümayəndələri tərəfindən XVIII əsrdə inşa edilib. Mehmandarovlar ailəsinə məxsus kompleksə böyük və kiçik yaşayış binaları, ailə məscidi və bulaq daxildir. Şuşa işğaldan azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən Mehmandarovların malikanə kompleksində, həmçinin ailə məscidi və ərazidəki bulaqda təmir-bərpa işləri həyata keçirilib.
Sonda Cıdır düzünə gələn diplomatik korpusun nümayəndələri buradan açılan təbiət mənzərəsini seyr ediblər. Cıdır düzü dağlar qoynunda yerləşən şəhərin yeganə və ən böyük hamar ərazisidir. Elə bu səbəbdən də qədimdən burada Qarabağ igidlərinin cıdır yarışları, çövkən oyunları, Novruz və digər el şənlikləri keçirilib. Cıdır düzü bütün zamanlarda şuşalıların və Şuşaya təşrif buyuran qonaqların ən sevimli məkanı, seyrəngahı olub. 44 günlük Vətən müharibəsində qəhrəman Azərbaycan əsgərləri böyük şücaət göstərərək sıldırım qayalarla Cıdır düzünə qalxıb, canları və qanları bahasına Şuşanı işğaldan azad ediblər. Bu gün Cıdır düzü yenə möhtəşəm tədbirlərin keçirildiyi məkana çevrilib.
Səfər iştirakçıları Cıdır düzündən açılan təbiət mənzərəsini seyr ediblər.
***
Diplomatik korpus nümayəndələrinin səfərinin növbəti dayanacağı yenidən qurulan Ağdam şəhəri olub.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov nümayəndə heyətinə həyata keçirilən quruculuq işləri barədə məlumat verib.
Nümayəndə heyəti əvvəlcə Ağdam Muğam Mərkəzi ilə tanış olub. Ağdam Muğam Mərkəzinin təməli 2023-cü ilin mayında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub və 2025-ci ilin mayın 10-da istifadəyə verilib. Mərkəz Qarabağ bölgəsində qədim muğam sənətinin işğaldan əvvəlki şöhrətinin bərpası, tədrisi və təbliğində, gənc nəsildə muğama sevginin aşılanmasında mühüm rol oynayacaq.
Diplomatik korpusun nümayəndələri sonra Ağdam şəhərindəki İmarət kompleksinə gəliblər. Ağdam rayonunda erməni vandalizminə məruz qalan tarixi-memarlıq tikililərdən biri də Qarabağ xanlığının banisi Pənahəli xanın sarayıdır. İşğal dövründə digər tarixi-mədəni və dini abidələr kimi, Pənahəli xanın imarəti də ermənilər tərəfindən təhqir edilib, vandalizmə məruz qalıb. Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın və xanlıqda müxtəlif illərdə hakimiyyətdə olmuş İbrahimxəlil xanın, onun oğlu, Qarabağın sonuncu hakimi Mehdiqulu xanın qəbirüstü türbələri, həmçinin Mehdiqulu xanın qızı, görkəmli şair, rəssam Xurşidbanu Natəvanın məzarları İmarət kompleksində yerləşir. İşğaldan azad edildikdən sonra İmarət kompleksində restavrasiya və arxeoloji tədqiqat işləri həyata keçirilib. İmarət kompleksi mərasimlərin keçirilməsi üçün nəzərdə tutulmuş tikililər, türbələr, Qarabağ atlarının nümayiş olunması üçün atçılıq kompleksi və ziyarətçi mərkəzindən ibarətdir. Kompleks nəinki Qarabağın, eləcə də Azərbaycanın mühüm turizm və mədəniyyət mərkəzlərindən biridir.
Qonaqlar Ağdam Sənaye Parkına da baş çəkiblər. Parkın artıq 70 faizdən çox hissəsi sahibkarların istifadəsinə verilib.
“Mister Decor” Məhdud Məsuliyyətli Cəmiyyətinin divar kağızları istehsalı zavoduna gələn nümayəndə heyətinə bildirilib ki, investisiya həcmi 8 milyon manat olan müəssisə Cənubi Qafqazda divar kağızlarının istehsalı üzrə ixtisaslaşmış ilk zavoddur.
Diplomatlar “Eel Electric” Məhdud Məsuliyyətli Cəmiyyətinin elektrik paylayıcı avadanlıqların, elektrik yuvalarının və beton yarımstansiyalarının istehsalı zavodunun fəaliyyəti ilə də tanış olublar.
Diplomatik korpusun nümayəndələrinin səfəri Ağdam dəmir yolu vağzalında başa çatıb. Nümayəndə heyətinə bildirilib ki, Prezident İlham Əliyev ötən ayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib. Dəmir yolu vağzalı gündəlik 800-1000 nəfər sərnişinin daşınmasına imkan verir.
İyunun 21-i axşamüstü heyət Ağdamdan qatarla Bakıya qayıdıb.