Bakı Dövlət Universitetinin Tarix fakültəsinin tələbələri Qəbələ Dövlət Tarix-Bədii Qoruğu və Qəbələ Arxeoloji Mərkəzində istehsalat təcrübəsində olublar.
Təcrübədə fakültənin IV kursunda oxuyan 130-dək tələbə iştirak edib.
Qoruqdan bildirilib ki, istehsalat təcrübəsi zamanı tələbələr əvvəlcə Qəbələ Arxeoloji Mərkəzinin sərgi salonlarında nümayiş olunan tarixi eksponatlara baxıblar. Mərkəzin yaradılması və bu sahədə SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının gördüyü işlər barədə onlara ətraflı məlumat verilib.
Sonra tələbələr qoruğun arxeoloji ərazilərini gəzib, arxeoloji qazıntılar aparılan sahələrlə tanış olublar.
Tələbələrə burada aparılmış qazıntılar və aşkar olunan tarixi tapıntılar barədə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.