İyunun 2-də Azərbaycan təsviri sənətinin dünyaca məşhur nümayəndəsi Toğrul Nərimanbəyovun (1930–2013) vəfatının 12-ci ildönümü tamam oldu
Bu münasibətlə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva və səfirliyin əməkdaşları, sənətkarın qızı Əsmər Nərimanbəyova, eləcə də diaspora üzvlərimiz Toğrul Nərimanbəyovun Parisin Passy qəbiristanlığındakı məzarını ziyarət ediblər.
Səfir Leyla Abdullayeva Toğrul Nərimanbəyovun Azərbaycan təsviri sənətinə verdiyi töhfələrdən danışıb. Diplomat T.Nərminbəyovun valideynlərinin üzləşdiyi çətinliklərdən söz açaraq, asan olmayan həyat yolunu, ailənin yaşadığı çətinlikləri xatırladıb. T.Nərimanbəyovun atası Fərman Nərimanbəyovun Fransanın Tuluz Universitetində təhsil almasından, fransalı xanımla evlənməsindən, geri döndükdə sovet repressiyasına məruz qalmasından, sürgünə göndərilməsindən danışıb.
Diplomat qeyd edib ki, ziddiyyətli, təzadlı illərdə inamını itirməyən Nərimanbəyovlar yaşamaq uğrunda mücadiləni davam etdiriblər. Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbinə daxil olan T.Nərimanbəyov 1950-ci ildə Litva İncəsənət İnstitutunda monumental və dəzgah rəssamlığı fakültəsində təhsil alıb və eyni zamanda, Vilnüs Konservatoriyasında klassik vokalı öyrənib. Toğrul anası ilə yalnız tələbəlik illərində Səmərqənddə görüşdüyü, onun müxtəlif orqanlara çoxsaylı müraciəti və gərgin mübarizəsi sayəsində anasına bəraət verildiyi bildirilib. Ancaq uşaqlıqda üzləşdiyi əziyyətlər, ədalətsizliklər Toğrulun əzmkarlığını sındırmayıb və o, yaradıcılıq yolunda ən yüksək zirvələri fəth edib.
Görkəmli rəssamın əsərləri bu gün dünyanın bir çox muzeylərində, fondlarında saxlanır. Prezident İlham Əliyevin sərəncamı ilə 2010-cu ildə T.Nərimanbəyovun 80 illik yubileyi dövlət səviyyəsində keçirilib.
Azərbaycanın Əməkdar rəssamı Əsmər Nərimanbəyova atasının həyatından danışaraq, onunla bağlı, eləcə də müxtəlif ölkələrdə keçirilən sərgiləri haqqında xatirələrini bölüşüb.