Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 fevral 2025-ci il tarixli Sərəncamı ilə bu il dahi Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı, musiqişünas, publisist, dramaturq və pedaqoq, akademik Üzeyir Hacıbəylinin (1885–1948) 140 illik yubileyi ölkəmizdə və xaricdə müxtəlif tədbirlərlə qeyd olunur.

Mayın 31-də Ankarada böyük musiqi xadiminin yubileyi münasibətilə “Çanaqqaladan Qarabağa: Zəfər dastanı” adlı konsert keçirilib.

Gecə Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi və Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Opera və Balet Baş İdarəsinin birgə təşkilatçılığı ilə gerçəkləşib.

Əvvəlcə iki ölkənin himnləri səslənib.

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Səadət Yusifova və Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Opera və Balet Baş İdarəsinin müdir müavini Volkan Akkoçun çıxış ediblər.

Sonra Azərbaycanın Xalq artistləri Azərin və Azər Zeynalov, eləcə də qardaş ölkənin tanınmış opera sənətçiləri Kamil Kaplan, Çinar Onur, Güner Erkan və başqalarının iştirakı ilə konsert proqramı təqdim olunub.

Konsert proqramı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.