Mayın 15-də Bakı Dövlət Universitetinin (BDU) və Türkiyənin Üsküdar Universitetinin birgə təşkilatçılığı, Medianın İnkişafı Agentliyi, Audiovizual Şuranın və Mətbuat Şurasının tərəfdaşlığı ilə Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunmuş “Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” mövzusunda beynəlxalq konfrans işə başlayıb.
Üç gün davam edəcək konfransın məqsədi media istehsalı və istehlakı proseslərinin rəqəmsallaşma ilə transformasiyasının insani, sosial, siyasi və mədəni təsirləri haqqında müzakirələr aparmaqdır.
Konfransda məruzələr “Rəqəmsal dövrdə media və cəmiyyət”, “Süni intellekt, media və cəmiyyət”, “Rəqəmsal dövrdə media və kommunikasiya tədqiqatları”, “Rəqəmsal dövrdə reklam və marketinq”, “Jurnalistika tarixi”, “Süni intellekt, media və vizual mədəniyyət”, “Rəqəmsal transformasiya və media” mövzulu bölmələr üzrə təqdim olunacaq.
Konfransa ümumilikdə 300-ə yaxın məqalə və 100-ə yaxın tezis qəbul olunub. Tədbir zamanı medianın müxtəlif istiqamətləri üzrə canlı və onlayn panel müzakirələri nəzərdə tutulub.
Həmçinin Azərbaycan milli mətbuatının 150 illiyi çərçivəsində BDU-nun Jurnalistika fakültəsində “Milli mətbuat tarixi auditoriyası”nın açılışı, “Bakı Universiteti” qəzetinin xüsusi nömrəsinin və fakültə tərəfindən yeni təsis edilən “Media problemləri” jurnalının təqdimat mərasimləri olacaq.