Xəbər verdiyimiz kimi, Birləşmiş Ərəb Əmirliklərinin Fuceyra şəhərində (eyniadlı əmirliyin mərkəzi) mayın 5-dən 7-dək keçirilən III Fuceyra Beynəlxalq Ud Forumunda Azərbaycan da təmsil olunub.

“Bir ud, müxtəlif mədəniyyətlər” adlı forum Fuceyra İncəsənət Akademiyası tərəfindən təşkil edilib.

Foruma ölkəmizdən Beynəlxalq Muğam Mərkəzinin solisti, tarzən Rəşad İbrahimovun rəhbərliyi ilə musiqi qrupu qatılıb. Heyətdə  Əməkdar artist Çinarə Mütəllimova-Heydərova (qanun), Təbruz Yusubov (kamança), Nisbət Sədrayeva (xanəndə), İdris Hüseynov (ud), Vüsal Bayramov (nağara) və Rafael Əsgərov (balaban) yer alıblar.

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru Xalq artisti, professor Yeganə Axundova isə forumda fəxri qonaq qismində iştirak edib.

Azərbaycan musiqiçilərinin çıxışları tamaşaçıların və münsiflərin rəğbətini qazanıb. Onlara forumun mükafatları təqdim olunub.

Forum çərçivəsində fərdi və qrup çıxışları, ustad dərsləri, eləcə də tanınmış ud ifaçılarının iştirakı ilə sərgilər də təşkil edilib.