Mayın 10-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında müasir Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə konsert keçirilib.
Musiqili gecədə rəsmilər, tanınmış mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konsert proqramı Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (dirijor Mustafa Mehmandarov) ifasında Fikrət Əmirovun "Şur" simfonik muğamı ilə başlanıb. Sonra solist Atəş Qarayev (tenor) Asəf Zeynallının "Ölkəm" romansını və Rauf Hacıyevin "Azərbaycanım" mahnısını (dirijor Murtuza Bülbül) ifa edib. Nazim Əliverdibəyovun "Bayatı-Şiraz" muğamına işləməsi səsləndirilib.
Konsert orkestrin ifasında Qara Qarayevin “Yeddi gözəl” baletindən “Vals” və "İldırımlı yollarla" baletindən “Final” ilə başa çatıb.
Gecədə təqdim olunan bütün musiqi nömrələri Ümummilli Lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərinə minnətdarlıq duyğusunun ifadəsi kimi səslənib, alqışlarla qarşılanıb.