Mayın 5-də görkəmli ədəbiyyatşünas, şərqşünas, milli əruzşünaslıq məktəbinin banisi, filologiya elmləri doktoru, professor Əkrəm Cəfərin (1905–1991) anadan olmasının 125 illiyi tamam olub.

Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında alimin Azərbaycan ədəbi dilinin tədqiqi sahəsinə verdiyi töhfələrdən, zəngin irsindən, çoxşaxəli elmi fəaliyyətindən bəhs edən “Əruzşünaslıq elminin banisi – Əkrəm Cəfər” adlı məlumat bülleteni hazırlanıb.

Kitabxanadan bildirilib ki, materialda Əkrəm Cəfərin Azərbaycan ədəbiyyatı tarixi, şərqşünaslıq və dilçilik elminin tədqiqi sahəsində qələmə aldığı bir sıra əsərləri haqqında məlumat təqdim edilir. Materialda alimin müəllifi, redaktoru, tərcüməçisi, “Ön söz” yazdığı “Yandım avazeyi eşqinlə sənin”, “Mirzə Ələkbər Sabir şerinin qafiyə lüğəti”, “Məhsəti Gəncəvi - özü, sözü, izi”, “Bustan.Gülüstan”, “Əruzun nəzəri əsasları və Azərbaycan əruzu” kimi 20-dən çox kitabının biblioqrafik təsviri ilə yanaşı qısa annotasiyası və dövrü mətbuatda çıxan əsərlərinin siyahısı yer alır. Filologiya elmləri doktoru Vaqif Yusiflinin “Unuda bilmədiyim Əkrəm Cəfər”, Məhəmməd Nərimanoğlunun “Elmdə Əkrəm Cəfər zirvəsi” adlı məqalələrinin tam mətni də məlumat bülleteninə daxil edilib. 

Kitabxananın saytında (https://www.ryl.az/funds/melumat-b%C3%BClleteni) yerləşdirilən materialda görkəmli alimin müəllifi olduğu və ona yazılan məktubların arxivi və onun haqqında 2006-2024-cü illərdə dövrü mətbuatda dərc edilən məqalələrin siyahısı da sərgilənir.