F.Köçərli adına Respublika Uşaq Kitabxanasında oxu və yazı vərdişlərində çətinlikləri olan uşaqlara dəstək olmaq, onlarda özünə inamı artırmaq və sosial inkişafını təmin etmək məqsədilə həyata keçirilən “Sağlamlıq körpəlikdən başlayır” adlı layihə davam edir.
Mayın 5-də keçirilən növbəti maarifləndirici təlimdə psixopedaqoq Bülül Quliyeva, 177 nömrəli tam orta məktəbin psixoloqları və kitabxana əməkdaşları iştirak ediblər.
Təlimin mövzusu “Məktəb dövründə yaranan öyrənmə çətinliyi” olub.
Bülül Quliyeva öyrənmə çətinliyinin diaqnoz və aşkar olunması, müalicə və müdaxilə yolları haqqında danışıb, bu dövr ərzində valideyn dəstəyinin əhəmiyyətini vurğulayıb. Həmçinin qeyd edib ki, öyrənmə çətinliyi ömür boyu davam etsə də, müalicə və müdaxilə ilə yaxşılaşa bilər. Xüsusi təhsil proqramı, loqoped terapiyası (xüsusən disleksiya və disqrafiyada), psixoloji və texnoloji dəstək bu problemi maksimum səviyyədə korreksiya edir.
Təlimdə bu qrupa aid olan uşaqlar üçün fərdi yanaşmanın və müntəzəm məşqlərin rolu da müzakirə edilib.
Sonda iştirakçıların sualları cavablandırılıb, uşaqların inkişafına necə dəstək olmaq, onların emosional ehtiyaclarını necə qarşılamaq barədə praktiki məsləhətlər verilib.