Nazirlər Kabineti Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Gədəbəy Aşıq Məktəbinə Aşıq Ələsgərin adının verilməsi haqqında qərar qəbul edib.

Mədəniyyət Nazirliyinə və Gədəbəy Rayon İcra Hakimiyyətinə qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Qeyd edək ki, Gədəbəy Aşıq Məktəbinin binasının təməli 26 may 2009-cu ildə Prezident İlham Əliyev tərəfindən qoyulub. Dövlətimizin başçısının iştirakı ilə 10 sentyabr 2013-cü ildə məktəbin açılış mərasimi olub. Məktəbdə tədris 2014-cü ildə başlanıb.

***

Gədəbəy Aşıq Məktəbinə Aşıq Ələsgərin adının verilməsi haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Gədəbəy Aşıq Məktəbinə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, el sənətkarı Aşıq Ələsgərin adı verilsin.

2. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Gədəbəy Rayon İcra Hakimiyyəti bu Qərardan irəli gələn məsələləri həll etsinlər.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 2 may 2025-ci il

№ 147