Xəbər verildiyi kimi, 3-4 may tarixlərində İçərişəhərdə Beynəlxalq Xalça Festivalı keçirilib. 

“Azərxalça” ASC və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı, İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun dəstəyi ilə gerçəkləşən festivala Azərbaycanla yanaşı, Türkiyə, İran, Qazaxıstan, Pakistan, Özbəkistan, Rusiya (Tatarıstan) və digər ölkələrdən xalçaçılar, istehlakçılar, sənət adamları qatılıblar.

Mərakeş Krallığının şahzadəsi xanım Lalla Hasnaa (Kral VI Məhəmmədin bacısı) mayın 4-də festivalda fəxri qonaq qismində iştirak edib.

Şahzadəyə Azərbaycan xalçaçılıq sənətinin zəngin ənənələri, ölkəmizin müxtəlif bölgələrinə məxsus xalça nümunələri, eləcə də toxuculuq prosesinin mərhələləri haqqında məlumat verilib. O, həmçinin yerli və xarici sənətkarların iştirakı ilə təşkil olunan pavilyonları gəzib, orada nümayiş etdirilən müxtəlif sənətkarlıq nümunələri ilə tanış olub.

İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin “Dastan” brendi qonaqda böyük maraq doğurub.

Gəzinti zamanı Mərakeşin xanım şahzadəsi festival ərazisində qurulan xalça emalı mərkəzi ilə tanış olub. Qonağa xalçaların hazırlanmasından son emala qədər keçdiyi mərhələlər – yunların çeşidlənməsi, təmizlənməsi, təbii boyalarla rənglənməsi, sapların hazırlanması, naxışların vurulması və toxunma prosesi barədə məlumat verilib.

Mərakeşli şahzadə İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən təqdim olunan “Zaman” rəqəmsal sərgisinə də baxıb. Açıq havada LED ekranda nümayiş olunan instalyasiya zəngin ənənələri özündə birləşdirərək, Bakının əsasən orta əsr memarlıq incilərini, həmçinin xattatların göz nuru olan tətbiqi sənət nümunələrini müasir texnologiya vasitəsilə canlandırır.