Azərbaycan Milli İncəsənət Muzeyində Xalq rəssamı, heykəltaraş Akif Əsgərovun (1940-2023) 85 illik yubileyinə həsr olunmuş “Ruhun sədası” adlı sərgi təşkil edilib.
Mayın 2-də sərginin açılışında mədəniyyət və elm xadimləri, heykəltaraşın sənət dostları, ailə üzvləri, tələbələri və sənətsevərlər iştirak ediblər.
Milli İncəsənət Muzeyinin direktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Xalq rəssamı Natiq Əliyev, Xalq rəssamları Ömər Eldarov, Salhab Məmmədov, Əməkdar incəsənət xadimi Çingiz Fərzəliyev, Akif Əsgərovun ailəsi adından Rövşən Hüseynov çıxış edərək sərginin əhəmiyyətindən, görkəmli sənətkarın Azərbaycan təsviri sənətində tutduğu yerdən və bənzərsiz əsərlərindən söz açıb, xatirələrini bölüşüblər.
Sonra tədbir iştirakçıları sərgi ilə yaxından tanış olublar.
Qeyd edək ki, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə keçirilən retrospektiv sərgidə muzey və əksəriyyəti ailə kolleksiyasından olmaqla ümumilikdə 60-dək dəzgah heykəltaraşlığı nümunəsi, eləcə də qrafik rəsmlər yer alıb. Ekspozisiya Akif Əsgərovun yaradıcılığının müxtəlif mərhələlərini əks etdirir.
Heykəltəraşın müəllifi olduğu əsərlər arasında Bakıda Yusif Məmmədəliyevin, Bülbülün abidələri, Kişinyovda (Moldova) Nizami Gəncəvinin büstü, Parisdə Əlimərdan bəy Topçubaşovun qəbirüstü abidəsi, Sloveniyada Mehdi Hüseynzadənin büstü xüsusilə seçilir. Akif Əsgərovun klassik forma və müasir ifadə vasitələrinin mükəmməl vəhdətindən yaranan kompozisiyaları insanın daxili aləmini, emosional əhvali-ruhiyyəsini ustalıqla əks etdirir.
Bu sərgi Azərbaycan təsviri sənətinin inkişafında mühüm rol oynamış Akif Əsgərovun dəzgah heykəltəraşlığı sahəsində yaratdığı əsərləri təqdim etməklə izləyicini sükut içərisində ruhun sədasını dinləməyə çağırır. Sanki zaman və məkandan uzaqda müstəqil bir dildə danışan obrazlar hərəkət və sakitliyin mükəmməl ahəngi içərisində tamaşaçını düşüncələrə qərq edirlər.
Sərgidəki kiçik plastika nümunələrində müəllifin obrazlar qalereyasında mühüm yer tutan qadın, balerina, yaşlı insan surətləri, həmçinin Nizaminin “Xəmsə”sinə həsr etdiyi relyeflər əksini tapıb. Bununla yanaşı, iş masası, layiq görüldüyü çoxsaylı təltiflər, fəxri adların nümayişi sənətkarın həyatı və fasiləsiz yaradıcılıq yolu, ümumilikdə sənət dünyası haqqında tamaşaçıda zəngin təəssürat yaradır.
"Ruhun sədası" sərgisi 3 sentyabr tarixinədək ziyarət üçün açıq olacaq.