
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı “Milli opera incilərimiz” adlı yeni layihəyə başlayır. Layihə çərçivəsində teatrın solistləri milli opera sənətinin ən yaxşı vokal nümunələrini ifa edəcəklər.
İlk konsert mayın 17-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində olacaq.
Teatrın simfonik orkestrinin və xor kollektivinin müşayiəti ilə Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Zülfüqar Hacıbəyov, Əfrasiyab Bədəlbəyli, Qara Qarayev, Cövdət Hacıyev, Cahangir Cahangirov, Vasif Adıgözəlov, Pikə Axundova və Siyavuş Kəriminin əsərlərindən vokal partiyalar səslənəcək.
Səhnədə Xalq artistləri Samir Cəfərov, Gülnaz İsmayılova, Əməkdar artistlər İnarə Babayeva, Fərid Əliyev, Fəridə Məmmədova, İlahə Əfəndiyeva, Cahangir Qurbanov, Təyyar Bayramov, Arzu Əliyeva, eləcə də solistlər Mahir Tağızadə, Fəhmin Əhmədli, Rəvanə Əmiraslanlı, Xəyal Hüseynov, Atəş Qarayev, Fatimə Cəfərzadə və Səma Həmzəyeva çıxış edəcəklər.
Dirijor Əməkdar artisti Əyyub Quliyev, xormeyster Əməkdar artist Sevil Hacıyeva, layihənin rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir.
Layihənin məqsədi zəngin milli musiqi irsini nümayiş etdirmək və klassik opera sənətini təbliğ etməkdir. Bundan əlavə, bu nadir ənənənin gələcək nəsillər üçün qorunub saxlanmasına töhfə verməkdir.